Siyasət 19 Aprel 2023, 14:29 | Baxış sayı: 96
"Ümid edirik, beynəlxalq təşkilatlar ermənilərin əsl simasını görə biləcəklər"

Son dövrlərə nəzər salanda erməni faşistlərinin, terroristlərinin həyata keçirdiyi bir çox insanlıq əleyhinə cinayətlər, soyqırımları, genosidlərin şahidi oluruq. Məhz bu faciələrdə qurban rolunda Azərbaycan türkləri olub. 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində - 1905, 1918, 1920, Sovetlər dövründə -1937, 1948-53-cü illərdə Azərbaycan xalqına qarşı zorakılıq, təcavüz, soyqırımı, insanlıq cinayətləri törədilib. Bunların sonu olaraq 1988-ci ildə Qərbi Azərbaycanda, indiki Ermənistan ərazilərində sonuncu Azərbaycan türkü də qovuldu. Onlar deportasiya qurbanı oldular. Demək olar ki, hazırda həmin ərazilərdə bir nəfər belə Azərbaycan türkü yaşamır. Ancaq ermənilər bununla kifayətlənmədilər. Onlar Qarabağı da, Qərbi Zəngəzur, Göyçə, Vedibasar, Zəngibasar kimi öz ərazilərinə qatmaq istəyirdilər. Bu baxımdan da sovetlərdəki xaosdan, yenidənqurmadan istifadə dərək Qarabağı da ələ keçirmək istədilər. Havadarlarının da dəstəyi ilə bunu reallaşdıra biləcəklərini düşündülər. Hər bir vasitədən istifadə etdilər. Təəssüflər olsun ki, onlar 20-ci əsrin əvvəllərində törətdikləri insanlıq əleyhinə cinayətləri məhz 1990-cı illərin əvvəllərində də təkrarladılar. Ağdaban, Başlıbel, Xocalı faciələri kimi insanlıq əleyhinə cinayətləri Qarabağ və Şərqi Zəngəzur torpaqlarında həyata keçirdilər. Onlar bu cür vəhşilikləri etməklə dinc sakinləri qorxutmaq, Azərbaycan türklərinin bu ərazilərdən daha tez getmələrini təmin etmək və bu ərazilərə yiyələnmək istəyirdilər.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, ermənilər törətdikləri Başlıbel, Ağdaban, Xocalı faciələrində insanlıq əleyhinə elə böyük cinayətlər törətdilər ki, hətta İkinci Dünya müharibəsində belə alman faşistləri bu qədər qəddar, soyuqqanlı, insanlıq əleyhinə addımlar ata bilməyiblər. Ancaq bunları ermənilər edə bildilər.

Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxladığını söyləyən deputatı deyib: “Ermənilərin bu simalarını, təcavüzkar tərəflərini, əsl əməllərini dünya ictimaiyyəti görməzdən gəldi. Bu cinayətlərlə bağlı Prezident İlham Əliyev beynəlxalq tribunalarda, tədbirlərdə, ikitərəfli, üçtərəfli görüşlərdə dəfələrlə çıxışlar edib. Ancaq təəssüflər olsun ki, məhz beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edərək reallıqları görməzdən gəlirlər”.

O diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycan öz suveren hüquqlarından istifadə edərək işğal altında olan torpaqlarını azad etdi. Ancaq ermənilərdən fərqli olaraq Azərbaycan Ordusu dinc sakinlərə qarşı silah tuşlamadı. Azərbaycan əsgəri, zabiti, rəşadətli Ordumuz ədalətli və ləyaqətli savaş apardı. Beynəlxalq konvensiyalara əməl etdi. Erməni terroristlərini, faşistlərini bu torpaqlardan qovdu, çıxartdı. Ancaq elə 44 günlük Vətən müharibəsinin gedişində də Xocalı soyqırımının, Başlıbel və Ağdaban faciələrinin bu və ya digər formada təkrar təzahürünün şahidi olduq. Dinc əhalinin yaşadığı şəhər və rayonlara ermənilər uzaqmənzilli raketlərdən atəşlər açdılar. Nəticədə Gəncədə, Bərdədə, Tərtərdə, Naftalanda, Goranboyda və digər ərazilərdə xeyli sayda dinc sakin şəhid oldu, minlərlə insan yaralandı. Yaşayış binalarına, iş yerlərinə və bir sözlə rayon, şəhər infrastrukturuna külli miqdarda ziyan dəydi. Görünən o idi ki, ermənilər eyni siyasəti davam etdirir, dinc əhalini qorxutmaq, bununla da müharibənin gedişinə müəyyən təsir göstərmək istəyirdilər. Lakin mənfur qonşularımızın insanlıqdankənar, müharibə qanunlarına zidd əməlləri nə dinc sakinlərin, nə də döyüş meydanında savaşanların gözünü qorxutdu. Yaşadıqları ərazini tərk etməyəcəklərini bəyan edən sakinlər ordunu daha da irəli getməyə səsləyirdilər. Arxasında dağ kimi dayanan xalqdan güc alan Azərbaycan Ordusu isə günbəgün irəliləyərək 44 günün sonunda Zəfər zirvəsini fəth etdi.

“Müharibədə əldə edilən parlaq Qələbədən sonra Prezident İlham Əliyevin uğurlu diplomatik gedişi nəticəsində Kəlbəcər, Laçın və Ağdam bir güllə atılmadan xilas edildi. Bu da canlı qüvvə itkisinin daha çox olma riskini azaltdı. Azad edilən torpaqlarımıza ayaq basarkən qarşılaşdığımız mənzərə bizi dəhşətə gətirdi. Azərbaycanın uzun illər işğal atında saxlanılan həmin əraziləri sahibsiz xarabalıqları xatırladırdı. Vandallar otuz illik işğal dövründə həmin ərazilərdən bütün insan izlərini silməyə, xüsusilə də o torpaqların azərbaycanlılara məxsus olduğunu göstərən sübutları məhv etməyə çalışıblar. Evlər, sosial obyektlər, mədəni-tarixi binalar, məscidləri darmadağın etmiş, bir sözlə, bu torpaqlarda daşı-daş üstündə qoymamışdılar. Bununla ürəkləri soyumayan vəhşilər, qəbiristanlıqlara hücum etmiş, qəbirləri dağıtmış, azərbaycanlıların nəşini təhqir etmişdilər. Ermənilərin qəbirlərdəki zinət əşyalarını ələ keçirtmək üçün insanlığa sığmayan davranışları isə vandal xalq olduqlarının sübutudur. Müharibədən sonra Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun hərbi attaşeləri, səfirlər, diplomatlar, beynəlxalq təşkilatların nümayəndələrinin mütəmadi olaraq həmin torpaqlara səfərlərini təşkil edir. Onlar erməni vəhşiliklərinin izlərinə öz gözləri ilə şahid olurlar. Daha sonradan Edilli və digər ərazilərdə olan tapılmış kütləvi məzarlıqlardakı mənzərələr isə ermənilərin həqiqətən də nə qədər qəddar olduğunun göstəricisidir. Aparılan ekspert araşdırmaları sübut edir ki, ermənilər hətta hərbçilərin əllərini bağlayaraq onları diri-diri basdırıblar. Hələ də bir çox cinayətlər var ki, onların üstü açılmayıb. Birinci Qarabağ savaşı zamanı itkin düşən 4 min mülki şəxsin və hərbi qulluqçunun taleyindən bixəbərik. Bu azmış kimi ermənilərin bizim torpaqlarda basdırdıqları minalar nəticəsində mülki vətəndaşlar, hərbi qulluqçular şəhid olur və ya ağır xəsarətlər alırlar. Bir sözlə, erməni təcavüzü, erməni vandalizmi hələ də davam edir. Odur ki, bizim savaşımız bitməyib. Başımıza gətirilənlərə hüquqi qiymət verilməsi uğrunda mübarizəmizi davam etdiririk. Ümid edirik ki, beynəlxalq təşkilatlar səsimizə səs verəcək, ermənilərin əsl simasını görə biləcək və onların barbarlığına doğru-düzgün qiymət verəcəklər”, - deyə N.Həmzəyev qeyd edib.

Mənbə: AZƏRTAC

Xəbərlər