Siyasət 21 Sentyabr 2023, 16:23 | Baxış sayı: 179
“Üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə dalğalanacaq”

“Üçrəngli müqəddəs bayrağımız artıq Xankəndidə, Xocalıda, Xocavənddə də dalğalanacaq”.

Bu sözləri millət vəkili Elman Nəsirov açıqlamasında deyib.

Deputat qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz, liderinin ətrafında sıx birləşən xalqımız növbəti Zəfərə imza atıb:

“Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı, yeni tarixi reallıqlar yaratdı. Bu, bir həqiqətdir və bütün dünya bu reallığı qəbul edir.

Amma eyni zamanda müharibə bitdikdən sonra post-müharibə dövrünün məsələlərini tənzimləmək lazım idi və bunlar çox mühüm məsələlər idi. Onların sırasında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması strateji əhəmiyyətli məsələ idi. Çünki bu məsələ olmadan digər məsələlərin tənzimlənməsi qeyri-mümkün idi.

Azərbaycan 3 il ərzində danışıqlar prosesinə sadiq qaldı, Vaşinqtonda, Moskvada, Soçidə, Brüsseldə, Kişinyovda dəyirmi masa arxasında danışıqlar apardı, danışıqlar yolu ilə Azərbaycanın Qarabağda suveren hüquqlarını tam və qəti şəkildə bərqərar etmək istədi. Lakin bu, mümkün olmadı, çünki Ermənistanın ali siyasi, hərbi rəhbəri fərqli, sistemli, ardıcıl hərbi təxribatlar yolunu seçdi və sentyabrın 19-da növbəti daha dəhşətli təxribatlar törətdi - 3 mülki şəxs və polis əməkdaşları mina partlayışı nəticəsində həlak oldu. Belə olan vəziyyətdə artıq Azərbaycanın lokal antiterror tədbirlərə əl atmaması qeyri-mümkün idi. Ermənistanın bütün bu təxribatçı davranışı belə bir antiterror tədbirlərinin başladılmasını labüd etdi.

Azərbaycan son 3 il ərzində Ermənistana irəli sürdüyü, amma İrəvanın imtina etdiyi şərtləri bir gün, bir sutka ərzində Ermənistana, onun yaratdığı oyuncaq rejimə qəbul etdirdi. Bu gün saat 13:00-da Azərbaycan Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonundakı lokal antiterror tədbirlərini dayandırdı. Buna səbəb Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı qüvvələrinə məhz belə bir xahişi, müraciəti oldu. Azərbaycan bu müraciəti qəbul etdi, amma konkret şərtlər daxilində. Həmin şərtlərdə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni silahlı dəstələri silahı yerə qoyur, ağ bayraq qaldırır, tərk-silah olur, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazini tərk edir, erməni silahlı dəstələri isə özlərini buraxmış elan edir və onlara məxsus bütün silah-sursat, döyüş texnikası Azərbaycan tərəfinə təhvil verir.

Bu, sözün əsl mənasında tarixi əhəmiyyətli hadisədir. Biz tarixi günlər yaşayır və qürur hissi ilə bir daha vurğulayırıq ki, ona görə bəxtəvər xalqıq ki, bizim İlham Əliyev kimi dünya səviyyəli liderimiz, müzəffər Prezidentimiz var. O Prezident ki, hələ Vətən müharibəsində qazandığı tarixi qələbə ilə adını dünyanın hərb tarixinə əbədi həkk etdi və bu gün də bütün dünyanın yenidən Azərbaycana qarşı çox böyük ehtiram və hörmətlə yanaşmasını təmin etdi”.

Deputat vurğulayıb ki, Azərbaycanın apardığı antiterror tədbirləri həm də beynəlxalq terrorizmə qarşı mübarizə prosesinin tərkib hissəsidir:

“Çünki terroristlər arasında çox sıx əlaqə var. Bu gün Qarabağda erməni terrorizminə qarşı aparılan mübarizə və bu mübarizədən əldə edilən tam, qəti qələbə beynəlxalq terrorizmə qarşı mübarizə prosesinə böyük töhfə vermək deməkdir.

Ona görə də biz hamımız sevinc, qürur içərisindəyik. Alqış yenilməz Ordumuza! Xalqımızla qürur duyuruq. Bu gün lider ətrafında birləşən xalqımız və onun oğulları növbəti tarixi zəfərə imza atdı. Artıq bu gün qürur hissi ilə qeyd edə bilərik ki, bizim üçrəngli müqəddəs bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə və digər ərazilərimizdə dalğalanacaq. Bu anları yaşamağın özü böyük xoşbəxtlikdir!”

musavat.com

Xəbərlər