Cəmiyyət 26 Avqust 2021, 18:54 | Baxış sayı: 279
"Təyinatların yubanması kadr qıtlığı, yaxud ləyaqətli kadrların tapılmaması ilə bağlı deyil. Söhbət yaxşıların içərisindən ən yaxşısını seçməkdən gedir".

2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri olan 71 yaşlı Oqtay Şirəliyev aprel ayında vəzifəsindən azad edildi. O zamandan etibarən bu post boşdur. Gənclər və İdman naziri Azad Rəhimov isə ABŞ-da, müalicə aldığı  xəstəxanada dünyasını dəyişdi.

Deputat Elman Nəsirov bu postlara təyinatla bağlı fikrini bildirdi: “Təyinatların yubanması kadr qıtlığı, yaxud ləyaqətli kadrların tapılmaması ilə bağlı deyil”

Mövzunu “Yeni Müsavat”a şərh edən deputat Elman Nəsirov bildirib ki, bu, prezidentin səlahiyyətində olan məsələ olduğu üçün konkret fikir söyləmək doğru olmaz: “İlham Əliyev 2018-ci ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq növbəti dəfə ölkə prezidenti seçildikdən sonra islahatların daha da dərinləşdirilməsi kursunu həyata keçirməyə başlayıb. Bu, hərtərəfli islahatları, eyni zamanda, kadr islahatlarını ehtiva edir. Kadrlar ilk növbədə vətənpərvər, peşəkar, milli mənəvi dəyərləri qorumalıdır, ümumbəşəri dəyərləri paylaşmalıdır, sədaqətli olmalıdır. Eyni zamanda müasir dünyada gedən prosesləri təhlil etmək qabiliyyətinə, nəticələr çıxarmaq potensialına  malik olmalıdır. Təyinatların yubanması kadr qıtlığı, yaxud ləyaqətli kadrların tapılmaması ilə bağlı deyil. Əksinə, bu gün Azərbaycanda kifayət qədər vətənsevər, peşəkar, ləyaqətli kadrlar var. Söhbət yaxşıların içərisindən ən yaxşısını seçməkdən gedir. Bu məsələlər ölkə prezidentinin səlahiyyətindədir. Məqamı çatanda müvafiq təyinatlar olacaq”.

Deputat, “yeni nazir təyinatlarının Milli Məclis üzvləri arasından olması mümkündürmü” sualına cavabında bildirdi ki, bunu istisna etmir: “Azərbaycan demokratik  dövlətdir. Hakimiyyətin müstəqil üç qanadı var. Əgər deputat nazir vəzifəsinə təyinat alarsa, onun parlamentdəki fəaliyyətinə xitam verilir. Belə təcrübə çox olub. O ki qaldı ad çəkməyə, mən ad çəkə bilmərəm. Bu məsələ müstəsna olaraq cənab prezidentin səlahiyyətində olan məsələdir. Digər tərəfdən, hazırda həmin vəzifələri icra edən şəxslər var”.

Xəbərlər