"Tutaq ki, Səlim Müslümov qohumum deyil, məgər yalandır ki, ondan başqa hansısa nazir məsuliyyətə cəlb olunmayıb?"
Milli Məclisin deputatı Tahir Kərimlinin Mədəniyyət Nazirliyində baş verənlərlə bağlı müsahibəsində “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istisna olmaqla, başqa nazirliklərdə aparılan yoxlamalar nəticəsində həmin qurumların rəhbərləri həbs edilməyiblər” ifadəsi müzakirələrə səbəb olub. Bildirilir ki, deputat dolayısı ilə sabiq nazir Səlim Müslümovu qohumu olduğu üçün müdafiə edib.
T.Kərimli Pravda.az-a açıqlamasında müzakirələrə aydınlıq gətirib.
“Yozmaq hər kəsin hüququdur, qoy elə yozsunlar. Tutaq ki, Səlim Müslümov mənim qohumum, yerlim deyil. Məgər bu, yalandır ki Səlim Müslümovdan başqa hər hansı nazirliyin rəhbəri məsuliyyətə cəlb olunmayıb? Hansı nazir tutulub ki? Nəyə görə yalnız subyektiv mülahizələrlə bağlayırlar? Qanun hamıya eyni cür tətbiq olunmamalıdır? Ona görə də hesab edirəm, subyektiv mülahizələr, “qohum olduğuna görə müdafiə edib” demək doğru deyil. Yəni fakt faktlığında qalır. Kim mənə etiraz edir, kim belə fikirləri yazıbsa, onda başqa nümunə göstərsin. Bilirik ki, təxminən 20 il əvvəl səhiyyə naziri tamamilə başqa motivə görə həbs edilmişdi. Amma nazirliklərdəki yoxlamalarda hansısa nazirin məsuliyyətə cəlb olunmasını görmədik. Yalan demirəm ki. Ona görə də, belə yozmaq lazım deyil”, - deputat bildirib.