Siyasət 28 Aprel 2023, 16:49 | Baxış sayı: 185
“TÜRKPA parlamentlərimizin səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilib”

Aprelin 28-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 12-ci iclası keçirilib.

İclasdan əvvəl təşkilata üzv dövlətlərin parlament rəhbərləri xatirə fotosu çəkdirib.

"Report" xəbər verir ki, sonra spikerlər tədbiri işıqlandıran media nümayəndələrinin suallarını cavablandırıblar.

İclasda Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

İclas iştirakçılarını salamlayan spiker Sahibə Qafarova, tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa və TÜRKPA-ya uğurlu sədrliyinə görə Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevə minnətdarlığını bildirib, qarşıdakı dövrdə təşkilata sədrlik edəcək Türkiyə tərəfinə uğurlar arzulayıb.

Milli Məclisin sədri çıxışında cari ilin fevral ayında qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olmasına görə başsağlığı verib.

Həm Şura iclasının, həm də plenar iclasın gündəliyinin kifayət qədər zəngin olduğunu bildirən Sahibə Qafarova deyib ki, bu da əslində, bizim TÜRKPA çərçivəsində əməkdaşlığımızın səviyyəsinin mühüm göstəricisidir.

Milli Məclisin sədri xatırladıb ki, bu il TÜRKPA-nın yaradılmasının on beş ili tamam olur. Onun sözlərinə görə, 2008-ci ilin sentyabrında İstanbul sazişinin imzalanmasından və 2009-cu ilin sentyabrında Bakıda birinci plenar iclasın keçirilməsindən ötən illər ərzində TÜRKPA parlamentlərimizin səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilib və birgə səylərimizlə beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşıb. Bu isə eyni kökdən olan, ortaq milli-mədəni dəyərləri bölüşən qardaş xalqlarımız və ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsi işinə töhfə verir. Spiker deyib ki, Azərbaycan Respublikasının Milli Məclisi TÜRKPA çərçivəsində fəaliyyətinə böyük əhəmiyyət verir və bu istiqamətdə bütün lazımi tədbirləri həyata keçirir. Azərbaycan parlament nümayəndə heyəti TÜRKPA-nın ayrı-ayrı komissiyalarının iclaslarında, müxtəlif mövzulara həsr edilmiş tədbirlərində, model qanunların hazırlanmasında, seçki müşahidə missiyalarının işində fəal iştirak edib. Eyni zamanda, Milli Məclis martın əvvəllərində TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclasına da evsahibliyi edib.

Çıxışının sonunda spiker Sahibə Qafarova TÜRKPA Katibliyinin fəaliyyətini təqdir edib və bildirib ki, bu fəaliyyət Katibliyin artıq qardaş parlamentlərimiz arasında əməkdaşlığın mövcud tələblərinə cavab verən və münasibətlərin dinamik inkişafını təmin edən çevik və işlək bir mexanizmə çevrilməsinin bariz göstəricisidir. O deyib ki, Azərbaycan parlamenti Katibliyin fəaliyyətini bundan sonra da dəstəkləməyə davam edəcək.

İclasda çıxış edən Türkiyə Böyük Millət Məclisin sədri Mustafa Şentop, TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev və Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov TÜRKPA-nın Assambleya Şurası və plenar iclasında aparılacaq fikir mübadiləsinin, qəbul ediləcək qərarların təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə inamını ifadə ediblər. Çıxışçılar qardaş ölkələrimizdə cari ildə qeyd ediləcək yubiley tədbirlərini vurğulayaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı təbriklərini çatdırıblar.

İclasda bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib

Xəbərlər