"Türkiyənin uğurları həm də Azərbaycanın əldə etdiyi uğurlardır"
"Qardaş ölkə Türkiyədə keçirilən "TEKNOFEST"də Azərbaycan Prezidentinin iştirakı iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiq münasibətlərinin səviyyəsinin göstəricisidir. Azərbaycan Prezidenti həmişə Türkiyə-Azərbaycan münasibətlərini iki ölkənin vahid gücü konteksində qiymətləndirərək müasir dünyanın təhlükəsizlik konsepsiyasında Azərbaycan və Türkiyənin yerini eyni müstəvidə görür". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, doğrudan da Azərbaycan-Türkiyə münasibətləri öz tarixinin heç bir mərhələsində indiki qədər yaxın müttəfiqlik içərisində olmayıb: "Hazırki tarixi mərhələdə bir Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlişini müşahidə etməklə bərabər, həm də bu müttəfiqliyin yeni formalaşan dünya nizamında bir rolunu və modelini görürük. Bu isə digər türkdilli ölkələrin də Azərbaycan və Türkiyə ətrafında birləşməsi ilə tarixi ənənələri, etnosiyasi coğrafiyamızın vahid gücünü müəyyən edir".
Hikmət Babaoğlu sözlərinə belə davam edib: "Azərbaycan Prezidenti "TEKNOFEST"də iştirak edərkən öz nitqində Türkiyə Azərbaycan münasibətlərinin XXI əsr üçün yeni tezisini müəyyənləşdirdi. O qeyd etdi ki, "Böyük dövlət xadimi Heydər Əliyev demişdir ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. Mən isə əlavə edirəm ki, Türkiyə ilə Azərbaycan həm də bir millət, iki dövlət və bir yumruqdur".
Yumruq həm birliyin, həm də gücün simvoludur. Doğrudan da indiki tarixi mərhələdə heç bir ölkə təkbaşına öz təhlükəsizliyini təmin etmək gücündə deyil. Ona görə də dördüncü sənaye inqilabı ərəfəsində Türkiyə hərbi sənayesinin əldə etdiyi uğurlar həm də Azərbaycanın əldə etdiyi uğurlardır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanda İHA və SİHA-ların istehsalı, təmiri və onları idarə edən kadrların yetişdirməsi ilə bağlı Türkiyənin "Bayraqdar" firması ilə anlaşmanın əldə olduğunu bildirdi. Eyni zamanda müttəfiqlik və qardaşlığın başqa bir nümunəsi kimi zəlzələdən zərərçəkmiş bölgələrdə Azərbaycanın görəcəyi böyük tikinti işlərinin açılışında iştirak etmiş oldu. Bu bir daha Azərbaycan Türkiyə münasibətlərinin böyük perspektivinin olmasını xəbər verməklə, həm də onların beynəlxalq münasibətlər sistemində yerinin rolunu və gücünü təyin edir".