“Türk dünyası ölkələri UNESCO ilə əməkdaşlığı genişləndirməlidir”
Xəbər verdiyimiz kimi Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli türk dünyasının elektron əlyazmalar fondunun yaradılması təklifi ilə çıxış edib. O deyib ki, bu, ortaq tariximizi, ədəbiyyatımızı öyrənməyə və təbliğ etməyə töhfə verəcək: "Füzulinin, Nizaminin və bir çox klassiklərimizin yubileylərinin bütün türkdilli dövlətlərdə keçirilməsi ortaq türk inteqrasiyasının genişlənməsinə töhfə verər", - deyə o vurğulayıb.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev isə jurnalistlərə açıqlamasında bildirib ki, türk dövlətləri özləri də zəngin mədəni irslərinin siyahısını yaratmalıdır. Onun sözlərinə görə, türk dövlətlərinin zəngin irsə malik olmasına baxmayaraq, bütün mədəniyyət obyektləri UNESCO-nun siyahısına daxil edilməyib: “Lakin TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu ilə birlikdə bu istiqamətdə birgə fəaliyyət göstərmək olar. Biz yalnız birlikdə irəli gedə, irsimizi gələcək nəsillərə ötürə bilərik”.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı açıqlamasında səsləndirilən təkliflərin əhəmiyyətli olduğunu deyib:
“Buna bənzər təkliflər əvvəllər də olub. Türk Dövlətləri Təşkilatı yaranandan sonra türk dünyası irsinin qorunub saxlanılması, mədəniyyət mərkəzlərinin təşkili, ümumtürk mədəniyyətinin biblioqrafiyasının yaradılması, dünyadakı türk abidələrinin bir yerə toplanması məsələləri barədə çox danışılıb.
Türk dünyasına aid xeyli mədəniyyət abidəsi UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Digər abidələrin də siyahıya salınması üçün təşkilatla əməkdaşlığın artırılması vacibdir. Azərbaycandan bir neçə abidə siyahıda qeyd olunub, düşünürəm ki, bu istiqamətdə işlər davam etdiriləcək”.
demokrat.az