Siyasət 26 Yanvar 2024, 14:29 | Baxış sayı: 206
"Türkiyə AŞPA-nın iclasında Azərbaycanı guya istənilən qədər dəstəkləməyib..."

“Türkiyənin illər uzunu Azərbaycanla yanaşı olduğunu, türk birliyində və ümumilikdə dünya birliklərində Azərbaycanı necə dəstəklədiyini, bir müddət əvvəl başa çatmış savaşda, Azərbaycanın qələbəyə doğru gələn yollarında Ordumuza, iqtisadiyyatımıza verdiyi dəstəyi görməmək cahillikdir. İndi Türk düşmənlərinin əlinə bəhanə düşüb. Türkiyə AŞPA-nın iclasında Azərbaycanı guya istənilən qədər dəstəkləməyib. Bütün bunlar cəfəngiyyatdır”. 

 

 

Bu sözləri açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sabir Rüstəmxanlı deyib. 

 

Deputat vurğulayıb ki, Türkiyə kifayət qədər təcrübəli ölkədir: “Dünya Parlamentlərinin iclasında görmüşdüm. Türkiyə məsələsi müzakirə olunanda, Türkiyə ilə bağlı söhbətlər gedəndə ermənilər bir məsələ qaldırmışdılar. Türkiyə nümayəndə heyəti, ümumiyyətlə, heç salonda oturmadı. Çünki bilirdilər ki, o danışıqlar cəfəngiyyatdır, kiminsə durub nəsə deməsi heç nəyi dəyişmir, qoy danışsınlar. Danışıldı, sonra səs verəndə ermənilərin təklifləri keçmədi. Türkiyənin mövqeyi güclü çıxdı. Türkiyə beynəlxalq qurumlarda kifayət qədər təcrübə toplamış bir ölkədir. Türkiyə təkcə AŞPA-nın deyil, dünyanın müxtəlif qurumlarının Azərbaycana, Türk Dünyasına münasibətini uzun illərdir, görür, müşahidə edir. “Erməni soyqırımı” ilə bağlı Türkiyəni günahkar çıxartmaq üçün necə iyrənc oyunlar gedir, Türkiyə bunun hamısını görür. Buna görə də elə şey var ki, ona heç əhəmiyyət vermək lazım deyil”. 

 

Sabir Rüstəmxanlının sözlərinə görə, Türkiyə nümayəndə heyəti bilir ki, AŞPA-da çıxış etməklə heç nəyi dəyişmək mümkün deyil, çünki AŞPA-nın deputatları heç içəridə oturmayıb: “90 nəfər oturub, onun da 70-i səs verir. Buna görə də danışmaq heç nəyi dəyişməyəcək. Bunu bildiyinə görə Azərbaycan nümayəndə heyəti geri qayıtdı. Onlar bizə qarşı oyun quranda deputatlarımız boykot etdi və ölkəmizə geri döndülər. Belə şeylərə normal baxmaq lazımdır. Bizə, Türkiyəyə, İslam və Türk Dünyasına qarşı olan hiylələri, insanlığa yaraşmayan, sivilizasiyadan uzaq mövqeləri, dünyanın rəzil siyasətini görəndə... Bəzən elə şeylər var, görürsən ki, ona qarşı hətta cavabın mənasızdır. Bu, bir prosesdir və bu prosesin qarışısında sadəcə Türkiyə və Türk Dünyası daha da sıx birləşməli, bir yerdə güclü olmalıdır. Güclü iqtisadiyyatları, diplomatiyaları, mövqeləri olmalıdır. Dünyanın digər ölkələri ilə, üçüncü dünya ölkələri ilə daha sıx birləşməlidirlər. Dünya təkcə Avropadan ibarət deyil ki. Rəcəb Tayyip Ərdoğanın dediyi kimi, “dünya beşdən böyükdür”. Avropanı söyməklə deyil, dünya ilə düzgün münasibətlər qurub, öz daxilimizdə güclənməli, inkişaf etməliyik. Milli birliyi, vətəndaş həmrəyliyini qorumalıyıq. Bütöv xalq içəridə bir olandan sonra Avropanın, AŞPA-nın planının, çıxardığı qərarın heç bir mənası olmayacaq”. 

pravda.az

Xəbərlər