Cəmiyyət 5 Oktyabr 2021, 12:25 | Baxış sayı: 345
“Turizm haqqında” yeni qanun layihəsinin hazırlanmasının səbəbi açıqlanıb.

“Turizm haqqında” yeni qanun layihəsinin hazırlanmasının səbəbi açıqlanıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev APA-ya açıqlamasında deyib ki, mövcud qanun turizmin müasir inkişaf tendensiyalarına uyğun deyil, habelə turizm sənayesinin subyektlərinin fəaliyyətinə münasibətdə tənzimləmə alətləri və istehlakçılara yüksək xidmət göstərməsini təmin edən mexanizmlər müəyyən etmir.

Komitə sədri qeyd edib ki, turizm sahəsində fəaliyyətin həyata keçirilməsinə görə tələb edilən lisenziyaların ləğv edilməsi bu sahədə sahibkarlığın inkişafına şərait yaradıb, lakin yeni tənzimləyici mexanizmlərin təqdim edilməməsi turizm sənayesi subyektlərinin fəaliyyətinin dövlət nəzarətindən kənarda qalmasına və nəticədə bu sahədə istehlakçıların hüquqlarının pozulması hallarının artmasına səbəb olub: “Başqa sözlə desək, qüvvədə olan qanun özündə mövcud reallığa uyğun olmayan anlayışları, prinsip və vəzifələri ehtiva edir və turizm bazarında ümumilikdə lazımı tənzimləyici təsirə malik deyil. Son illər turizm sektorunun inkişafı istiqamətində bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi bu sektorun davamlı inkişafına səbəb olub, Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə çevrilməsi qarşıya məqsəd qoyulub. Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi bu sahənin inkişafını təmin edəcək qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizmlərinin formalaşdırılmasını zəruri edir. Bu məqsədlə, Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin edəcək turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edən yeni “Turizm haqqında” qanun layihəsi hazırlanıb”.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib.

Xəbərlər