“Tural Sadıqlı siyasi bloggerlik fəaliyyətinə son qoymalıdır”
"Özünü siyasi bloger kimi təqdim edən Tural Sadıqlı artıq neçənci dəfədir ki, insanları Bakı şəhərinin mərkəzində siyasi aksiya keçirməyə çağırış edir və hər dəfə də onun bu çağırışı havadan asılı vəziyyətdə qalır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, onun bütün fəaliyyəti göstərir ki, Tural Sadıqlı milli dönükdür, dövlətə, dövlətçiliyə qarşı xəyanətkar yol seçmiş bir şəxsdir:
"Bunun əsl simasını biz Tehranda Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı zamanı gördük. Demək olar ki, onun o zamankı çıxışlarının mahiyyətini araşdırdıqda daha çox İran tərəfinə dəstək verir. İranın mövqeyini daha çox haqlı sayır. Xalqın gözü tərəzidir və xalqımız görür ki, Tural Sadıqlı kimə xidmət edir. Ona görə də mən onu təsadüfən milli dönük adlandırmadım və bu dəfə də Bakı şəhərinin mərkəzində insanları aksiya keçirməyə çağırdı və cəmisi 5-6 nəfər onun bu çağırışına cavab verdi.
Hesab edirəm ki, Tural Sadıqlı kimilər üçün bu, bir biabırçılıq aktıdır. Yəni öözləri də əmin oldular və gördülər ki, hansı sosial bazaya malikdirlər, onların çağırışına nə qədər insana reaksiya verir.
Mənə elə gəlir ki, bu hadisədən sonra onun öz leksikonu ilə desək, siyasi bloggerlik fəaliyyətinə son qoymalıdır. Gedib başqa bir peşə ilə məşğul olmalıdır və hesab edirəm ki, bundan sonra onun xalqın adından danışmaq, xalqı etiraza çağırmaq kimi fəaliyyəti sadəcə gülüş doğurur.
O, artıq gülüş hədəfinə çevrilib və bu son hadisə də bir nümayiş etdirdi ki, belə çağırışlarla Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq qeyri-mümkündür. Azərbaycan sabit dövlətdir, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür, xalq-hakimiyyət birliyi var. Xalq öz Prezidentinin arxasında dayanıb və Prezident də xalqın milli mənafeyindən irəli gələn müstəqil siyasəti həyata keçirir. Ona görə də Tural Sadıqlı kimilərin bütün bu çağırışları havadan asılı qalacaq və heç bir real təsdiqini həyatda tapa bilməyəcək.
O, özü-özünə siyasi blogger deyir. Əslində isə milli dönükdür, milli dönüklərin də son aqibəti sadəcə bir yalquzaq həyatı yaşamaqdan ibarətdir".