““Tərtər işi”ndə günahı olan heç kimə güzəşt olunmamalı, ən ağır cəzalarla cəzalandırılmalıdırlar”
“Artıq uzun müddətdir, fəaliyyətə başlayan və xeyli nəticələr əldə etmiş İstintaq Komissiyası işini davam etdirməli, “Tərtər işi”ndə günahı olan heç kim cəzadan kənarda qalmamalıdır. Müəyyən hərbi rütbəli adamların günahı üzündən – ola bilər, bu məsələyə qeyriləri də qarışmış olsun – günahsız insanlar işgəncələrə məruz qalıb, öldürülüb, həbs olunub, şikəst qalıblar. Görün, o günahsız insanların ailələri nə zülmlər çəkib, necə mənəvi zərbələr alıblar…”
Bu özləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputat Elman Məmmədov deyib.
Deputat bildirib ki, “Tərtər işi” məsələsində bir nüans nəzərdən qaçırmamalıdır: “Yaramazların, vicdansızların fəaliyyəti üzündən Azərbaycan Ordusunun imicinə ciddi zərər vurulub. Ordunun tərkibində bir istiqamətdə olan hərbi hissədə bu qədər adam birdən-birə guya xəyanətkar, satqın imiş. Bu, bütövlükdə Ordumuzun imicinə, Azərbaycan xalqının adına xələl gətirir. “Tərtər işi”ndə günahı olan heç kimə güzəşt olunmamalı, qanunlarımıza uyğun ən ağır cəzalarla cəzalandırılmalıdırlar”.
E.Məmmədov deputat Zahid Orucun “Tərtər işi”nə görə Hərbi Prokurorluğun ləğv edilməsi ilə bağlı təklifinə də münasibət bildirib: “Hərbi Prokurorluq rəsmi dövlət qurumudur. Üç-beş nəfərdən ibarət deyil, böyük bir qurumdur. O qurumda çalışan kimlərinsə “Tərtər işi”ndə günahı varsa, həmin günahkarlar üzündən böyük bir dövlət qurumunun ləğv olunması düzgün mövqe deyil”.