Siyasət 10 Oktyabr 2022, 16:17 | Baxış sayı: 208
“Tərəfdaş dövlətlər Azərbaycanı özlərinə etibarlı dost ölkə hesab edirlər”

“Prezident cənab İlham Əliyevin apardığı uğurlu və müdrik xarici siyasət nəticəsində son 15 ildə Azərbaycan Avropa İttifaqı və bu təşkilata üzv dövlətlər ilə çox sıx əlaqələr və dostluq münasibətləri qurub. Cari ilin 30 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstanda rəsmi səfəri çərçivəsində Azərbaycan - Bolqarıstan, eləcə də, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yüksək xətlə inkişaf etməsi barədə çıxış edib. Bu gün Azərbaycanla Bolqarıstan arasında yüksək səviyyədə iqtisadi və siyasi əlaqələr mövcuddur. 2015 -ci ildə Azərbaycanla Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki dövlət arasında əməkdaşlığın çox yüksək səviyyədə olduğunun nümunəsidir. Bu əlaqələr gələcəkdə daha da genişlənəcək və enerji təhlükəsizliyi sahəsində bir sıra layihələr reallaşdırılacaq”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

 

K.Əliyeva qeyd edib ki, hazırda dünyada baş verən siyasi proseslər fonunda dövlətlərin enerji təhlükəsizliyi məsələsinin əhəmiyyəti artıb: “Avropa dövlətlərinin enerji təhlükəsizliyində Azərbaycanın rolu artmaqdadır. Azərbaycandan Bolqarıstana təbii qaz ixrac edilir və gələcəkdə ixrac olunan qazın həcminin artırılması da nəzərdə tutulub. Azərbaycan uzun illərdir ki, dünya və Avropa dövlətlərinə xam neft ixrac edir, eləcə də ölkəmiz tərəfdaş olduğu ölkələri təbii qazla da təmin edir. Nəql olunan qazın verilməsində bu günə qədər heç bir fasilə yaranmayıb. Elə bu səbəblərdən biri olaraq da tərəfdaş dövlətlər Azərbaycanı özlərinə etibarlı dost ölkə hesab edirlər. Avropa İttifaqı ilə də Azərbaycan arasında enerji sahəsində imzalanmış tərəfdaşlıq haqqında Memorandum böyük əhəmiyyət kəsb edir. Memoranduma əsasən növbəti bir neçə ildə Azərbaycandan Avropaya qaz ixracı ən azı 2 dəfə artırılacaq. Keçən il Azərbaycandan Avropaya ixrac olunan 9 milyard kub metr təbii qazın həcmi 2027-ci ilə qədər ən azı 2 dəfə artırılaraq 18 milyard kub metrə çatdırılması nəzərdə tutulmuşdur. Bu gün Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2-6 trilyon kubmetrdir. Bundan əlavə yeni qaz yataqlarının mövcudluğu və gələcəkdə bu yataqların istismara verilməsi Avropaya qaz ixracının artırılmasına şərait yaradacaq. Elektrik enerjisinin ixracı sahəsində əməkdaşlıq və xam neftin Bolqarıstan istiqamətinə nəqli, eləcə də bu ölkədə enerji strukturunun yenilənməsində SOCAR ın imkanlarından istifadə olunması məsələləri də öz həllini tapmışdır. Azərbaycan öz ərazisində müasir nəqliyyat infrastrukturu yaratmışdır. Avtomobil yolu, dəmir yolu qovşağının, Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması ölkəmiz üzərindən tranzit yüklərin həcminin artmasına böyük töhfə verib”.

Xəbərlər