"Tolstoyun bəyanatı Rusiya dövlətinə və Putinin imzasına hörmətsizlikdir"
Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun ölkələrimiz arasında münasibətlərə kölgə salan açıqlaması ilk növbədə Rusiya dövlətinə və dövlət rəhbərinin imzasına hörmətsizlikdir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, ötən il fevralın 22-də imzalanan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 1-ci bəndinə əsasən, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Bəyanat özlüyündə beynəlxalq müqavilədir və Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanıb. Rusiya Konstitusiyasına əsasən isə Rusiya Prezidenti bu ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır: “Bu mənada Rusiya Dövlət Dumasının sədr müavininin ölkələrimiz arasında münasibətlərə kölgə salan açıqlaması ilk növbədə Rusiya dövlətinə və dövlət rəhbərinin imzasına hörmətsizlikdir. Aydındır ki, Tolstoyun nə deməsindən asılı olmayaraq Azərbaycan qədim və zəngin dövlətçilik tarixi, müstəqil dövlətçilik ənənəsi olan, müstəqil siyasət həyata keçirən dövlətdir. Ən azı son 3 ildə Rusiya Prezidenti özü dəfələrlə Azərbaycanın suverenliyinə ehtiramını ifadə edib və biz də bu dostcasına yanaşmanı yüksək qiymətləndirir, Moskva-Bakı əlaqələrinin yüksələn xətt üzrə inkişaf tempini qorumaq üçün səylərimizi vacib hesab edirik. Habelə 22 fevral 2022-ci il tarixli Bəyanatın 2-ci maddəsi ilə bəyan olunub ki, "Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər".
Deputat qeyd edib ki, dövlət suverenliyinin dövlətin ölkə ərazisində yeganə legitim siyasi-hüquqi subyekt olmasını ehtiva edən "daxili", dövlətin beynəlxalq münasibətlərdə bərabərhüquqlu aktor kimi tanınmasını ehtiva edən "xarici", daxili işlərə qarışmağın yolverilməzliyində ifadə olunan "vestfal" və dövlətin öz sərhədlərinə nəzarət funksiyasını nəzərdə tutan "qarşılıqlı asılılıq" formaları var: “Dövlətlər arasında yarımçıq və qeyd-şərtlə tanımalara, yaxud diplomatik münasibətlərə yol verilmir. Rusiya Azərbaycanın dövlət suverenliyini bütün aspektlərdən qəbul edir, beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvlərindən biri kimi Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq qurur. Azərbaycan heç kimdən, o cümlədən də Rusiyadan asılı deyil. Bütün bunların fonunda Tolstoy dövlət rəsmisi olaraq uğursuz hərbi imperializm kontekstində kasad və sərxoş düşüncə tərzi nümayiş etdirmək və müstəmləkə təfəkkürü dilə gətirməklə əslində ölkəsini beynəlxalq hüququn "Pacta sunt servanda" prinsipinə laqeyd subyekt qismində çətin duruma salır. Əslində Tolstoy kimi hakimiyyət qoluna təsadüfi yol tapmış birinin bəyanatına ciddi yanaşmaya bilərdik, lakin Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq hüquqa zidd və anlaşılmaz bəyanatı, habelə son zamanlar Rusiya mediasında anti-Azərbaycan ab-havasının geniş vüsət alması, kəskin hücumların artması bizi düşünməyə vadar edir. Yəni bu bəyanatlar Tolstoyun özünün sərxoş "mujik" beyninin məhsulu yox, haradan qaynaqlanması bizim üçün aydın olan ümumi xəttin bir həlqəsidir. Lakin təbii ki, Tolstoy, Zatulin, Milonov kimilərinin bəyanatları Azərbaycan üçün təhdid ola bilməz, lakin bu tip rəsmi açıqlamaların çox yüksək səviyyədə olan dövlətlərarası münasibətlərə mənfi təsiri, xələl gətirməsi qaçılmazdır. Qütbləşmənin dərinləşdiyi və az qala bütün dünya ilə düşmən olduğu bir situasiyada etibarlı cənub qonşusu ilə münasibətlərdə gərginlik ilk növbədə Moskvanın özünün maraqlarına ziddir. Muzdlu, yaxud sifarişli "hücumçular" anlamalıdır ki, bu tip bəyanatlarla Azərbaycana təsir göstərmək, mövqeyimizi zəiflətmək, yaxud digər formada qərarlarımızı dəyişmək mümkünsüzdür. Biz bölgədə maraqlarımızı lazım bildiyimiz formada təmin etməkdə davam edəcəyik”.
APA