Cəmiyyət 24 Mart 2023, 18:35 | Baxış sayı: 175
"Tələbələrin kriminal avtoritetə həsr olunmuş mahnını xorla oxumaları utancverici haldır”

Azərbaycan müstəqillik qazanandan sonra təhsil sistemi bərbad vəziyyətə düşdü. Rusiya təhsil sistemində nizam-intizam, təlim-tərbiyə vacib sayılırdı. Tərbiyə, hətta təhsildən də üstün idi. Bu, aradan qaldırıldı, ona görə də hər kəs üzünü bir tərəfə tutdu. Xüsusən universitetlərdə təhsilin əsası rüşvət və korrupsiya ilə qoyulub. İndi nazirlər, digər vəzifəli şəxslər, ictimai xadimlər təhsilə qayğıdan danışırlar... Halbuki təhsili bataqlığa özləri salıblar, qohumbazlıq ediblər, rüşvətsiz hər hansı hərəkət etməyiblər, alimləri, savadlı insanları irəli çəkmək əvəzinə, öz qohumlarına üstünlük veriblər. Axırı belə də olmalı idi...

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən tədbir zamanı tələbələrin "Zobik Gəncinski" ləqəbli kriminal avtoritet Ruslan Rzayevə həsr olunmuş mahnını xorla oxumalarına münasibət bildirərkən deyib.

 

T.Kərimli qeyd edib ki, belə davam edərsə, 5-10 ildən sonra Azərbaycanda Əfqanıstandakı vəziyyət yarana bilər: “Cəhalətə yayılır, kriminal aləmin nüfuzu artır. Boşluğu nəsə doldurmalı idi. İdeologiya yoxdursa, vəzifəli şəxslər korrupsiyaya yuvarlanırsa, cinayət törədirsə, kriminal aləmi niyə qınamalıyıq ki? Eyni işlə məşğuldurlar: biri dövlətin yaratdığı imkanlardan istifadə edir, digərləri də başqa cür... Təəccüblənmirəm, amma ürək ağrısı keçirirəm, gücümüz çatmır. İnsafən təhsil naziri Emin Əmrullayev istəyir ki, nəsə etsin, amma problemin kökü o qədər dərindir ki. Utancverici haldır, görün necə xorla oxuyurlar, ideallaşdırırlar, belə olmaz. Böyük dərddir. Cəmiyyət, dövlət toparlanmalıdır, düşünülməlidir ki, harada boşluq var. “Ali təhsil haqqında” yeni qanunun qəbul edilməsi ilə bağlı müzakirələr aparılır. Milli Məclisdə bu məsələni də qaldıracağam”.

Xəbərlər