Cəmiyyət 8 İyun 2022, 15:44 | Baxış sayı: 286
"Tələbələr geyimlərinə fikir verməlidirlər".

“Tələbələr təhsil ocağına gəlirsə, əlbəttə ki, geyimlərinə fikir verməlidirlər. Azərbaycan Tibb Universitetindəki tələbələrə geyimlə bağlı qadağa məsələsinə gəlincə isə, maraqlıdır ki, nəyə görə bu, məhz kitabxanaya şamil olunub. Belə çıxır ki, dərs prosesi üçün belə bir qadağa yoxdur. Əgər universitetin daxili nizam-intizam qaydaları, hər hansı bir geyimdə daxil olmaq üçün müəyyən formada göstəriş varsa, bu, ümumi olaraq universitetə girişdə nəzərə alınmalıdır. Yox, əgər universitetə giriş sərbəstdirsə və kim hansı geyimdə istəyirsə təhsil müəsissəsinə daxil olursa və belə bir qərarın yalnız kitabxanaya aid edilməsi anlaşılan deyil”.

Bunu Pravda.az-a Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat qeyd edib ki, ümumiyyətlə, tələbələrin geyiminə hansısa formada qadağa qoyulması məsələsi doğru deyil: “Universitetin xüsusi geyim uniforması yoxdursa, o zaman geyim sərbəst olmalıdır. Lakin tələbələr nəzərə almalıdırlar ki, hər yerin öz geyim tərzi olmalıdır. İnsan restorana, toya, dənizə, harasa dincəlməyə gedirsə, ona uyğun geyim tərzi seçməlidir. Burada da tələbə təhsil müəsissəsinə gəlirsə, geyiminə nəzarət etməlidir”.

Xəbərlər