Cəmiyyət 15 Sentyabr 2021, 14:29 | Baxış sayı: 274
"Tələbatın çox olduğu yanacağın qiymətini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur".

““Aİ-95” markalı benzinin qiyməti 1.60, “Aİ-98”in satışı isə 1.90 manat olub. “Aİ-98” az işlənsə də, “Aİ-95” çox işlənən yanacaqdır. Tələbatın çox olduğu yanacağın qiymətini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur. Benzini il ərzində neçə dəfə bahalaşdırmaq olar? Açığı mən artım gözləmirdim, çünki artım hələ bir neçə ay əvvəl olmuşdu”.

Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov benzinin bahalaşmasına münasibət bildirərkən deyib.

Deputat SOCAR-ın benzinin bahalaşaması ilə bağlı verdiyi açıqlamadakı izahın anlaşılan olmadığını vurğulayıb:
“Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən “Aİ-92” və “Aİ-95” markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?!

Məntiqlə neft bahalaşır deyə xaricdən idxal ediləni bahalaşdırırlarsa, daxildə istehsal edilən “Aİ-92” markalı benzini də ucuzlaşdırmalıdırlar. Amma bizdə qiymətin aşağı salınması görünməmiş şeydir. Bu gedişlə mən gözləyirəm ki, “Aİ-92”-ni də bahalaşdırsınlar”.

Parlamentari deyib ki, bu bahalaşmanın qarşılığında əmək haqları, pensiya və müavinətlərə yenidən baxılmalıdır:

“Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzağa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir. Bu gün mağazadan 5 manata aldığın məhsul gələn həftə 5 manatdan baha olur. Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir. Parlamentdə bu məsələlərə mütləq toxunacağıq”.
“Neft qiymətləri yüksəkdir, Azərbaycana daxil olan valyutanın həcmi kifayət qədərdir, pul dövriyyəsində çətinliyimiz yoxdur, manatın məzənnəsi stabildir. Bu bahalaşmaya nə ehtiyac vardı?!”,  -deyə V.Əhmədov əlavə edib.

 

Deputat Eldar Quliyev isə bahalaşmaya belə münasibət bildirib:

Deputat Eldar Quliyev: "Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz ,amma dövlətin digər xərclərini ödəmək mümkündür".

Xəbərlər