Qanun Layihələri 12 Sentyabr 2022, 14:09 | Baxış sayı: 171
"Təkliflərimizdə sərtləşmə yox, əksinə, qanunamüvafiqlik var".

Milli Məclisin deputatı Tahir Kərimli “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin əsas təşəbbüskarlarından olması və sərtləşdirmə müddəalarının üzərində şəxsən işləməsi barədə səsələnən iddialara münasibət bildirib.

 

T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlament partiyalarının təşəbbüsü ilə meydana gəlib.

 

Deputat bildirib ki, yeni qanun layihəsində bütün siyasi partiyaların rolu var: “30-dan çox partiya təkliflərini verib. Bu qanun layihəsi ilk dəfə olaraq Milli Məclisin rəsmi saytında yerləşdirilib. Sentyabrın 28-də Milli Məclisdə ictimai müzakirələrə çıxarılacaq. Göründüyü kimi, formal prosedurlar, normal layihə irəli sürülüb, ictimai müzakirə var, hələ davam edəcək. “Siyasi partiyalar haqqında” qanunda olan bəzi müddəlarla bağlı məsələlərə gəlincə, bu, hələ layihədir, qanun deyil. Ola bilər ki, gələcəkdə bu müddəalar dəyişsin, ya əvəzlənsin. Bir qədər səbirli yanaşmaq lazımdır. Hər kəs öz təkliflərini səsləndirməlidir. Partiya kimi biz də layihə üzərində işləyirik”.

 

T.Kərimli yeni qanun layihəsi ilə bağlı Vəhdət Partiyasının irəli sürdüyü təkliflərdən də danışıb: “Təklifimiz sərtləşmə ilə əlaqədar deyil, əksinə, Vəhdət Partiyasının təklifləri demokratik olub. Təkliflərdən biri ondan ibarət idi ki, siyasi partiyanın fəaliyyətin dayandırılması və ya ləğvi yalnız məhkəmə yolu ilə ola bilər. Bildiyiniz kimi, əvvəllər məhkəmə ilə yanaşı, icra orqanları da bu təşəbbüsdə ola bilərdi. İndi isə yalnız məhkəmə yolu ilə olacaq, bu da beynəlxalq hüquqa uyğundur. Çünki hüquqi şəxs kimi yalnız məhkəmə siyasi partiyanın taleyini müəyyən edə bilər. Əlbəttə, siyasi partiya öz qurultayında da bu qərara gələ bilər. İkinicisi, müddəaya görə, siyasi partiyanın nüfuzunu, əhəmiyyətini yüksəltməkdən, həm də maliyyə intizamını möhkəmləndirməkdən ötrü maliyyə fəaliyyəti üzərində Hesablama Palatasının nəzarəti olacaq. Yəni, audit yoxlamaları və s. yüksək səviyyədə Hesablama Palatası vasitəsilə həyata keçiriləcək. Bildiyiniz kimi, əvvəllər siyasi partiyaların öz təşəbbüsləri ilə audit rəyləri alınırdı. Bir sıra partiyaların ümumiyyətlə maliyyə fəaliyyəti yoxdur, onlar audit rəyini necə ala bilirlər? Axı audit keçirilmir. Bu məsələlərdə bir qədər hüquqi mexanizmi ortaya qoymaq lazım idi. Vəhdət Partiyasının təklifləri hansısa sərtləşmə ilə əlaqəli deyil. Əksinə, təkliflərimizdə qanunamüvafiqlik var. Qalan təkliflər isə hələ müzakirə ərəfəsindədir. Götür-qoy etmək lazımdır. Biz də hazırlaşırıq ki, ictimai müzakirə zamanı müəyyən müddəalarla bağlı öz təkliflərimizi verək”.

Xəbərlər