Cəmiyyət 29 İyul 2021, 16:30 | Baxış sayı: 343
"Təklif edirəm ki, ölkəmizdə elektron kütləvi informasiya portalı fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən qaydalar tətbiq edilsin".

"Vətəndaşlara internet vasitələrindən məlumat alarkən rəsmi fəaliyyət göstərən portallara üstünlük verməyi tövsiyə edirik"

"Hesab edirəm ki, cəmiyyətdə​ mövcud olan bütün münasibətlərin hüquqi tənzimlənməyə ehtiyacı vardır. Xüsusilə də, informasiya texnologiyalarının həyatımıza​ dərindən nüfuz edərək​ sürətlə​ inkişaf etdiyi bir dövrdə buna daha çox ehtiyac yaranır.​ Günümüzdə rəqəmsal bir dünyanın mövcudluğu​ və həyatımızın böyük bir parçasına çevrilməsi​ insanların bir sıra hüquq və azadlıqlarını həyata keçirdiyi başqa bir məkanın yaranmasına​ gətirib çıxarıb.​ Elektron​ kütləvi informasiya vasitələrində​ və​ sosial şəbəkələrdə insanların​ fəaliyyətinə nəzər salarkən bunu bariz şəkildə​ görmək mümkündür".

Bu fikirləri millət vəkili Jalə Əhmədova öz sosial media hesabında paylaşıb.

"Hər birimizə məlumdur ki, ifadə və məlumat azadlığı demokratik dövlətlərə xas olan​ təməl sütunlardan biri hesab olunur.​ Hər bir azadlıq özü ilə​ birgə əlavə məsuliyyət gətirdiyi kimi,​ informasiya fəaliyyəti sahəsində​ hüquqi tənzimetmənin mövcud olmaması​ da bir sıra problemlərin yaranmasına əsas verir.​ Təəssüflər olsun ki, son zamanlar kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə anonim şəxslər və bəzi kimliyini gizlətməyə çalışan jurnalistlər tərəfindən təhqir və böhtan məzmunlu,​ təbliğat xarakterli saxta məlumatların paylaşıldığının şahidi oluruq.​ Bu hal,​ interneti məlumat mənbəyi kimi istifadə edən bir çox vətəndaşlarda yanlış fikir yaranmasına, bununla​ da,​ vətəndaşların​ əsas konstitusion hüquqlarından biri olan​ məlumat əldə etmək azadlıqlarını​ həyata keçirmələrinə ciddi şəkildə maneələr yaradır".

Deputat vurğulayır ki, mediada təhqir və böhtan xarakterli, heç bir əsası və təsdiqi olmayan məlumatların paylaşılması həm​ həmin məlumatların əsas obyekti olan insanların şərəf və ləyaqətinin ləkələnməsinə, həm​ də dövlətə​ və​ mediaya olan inamının itirilməsi ilə nəticələnir.​ "Xüsusi qeyd etmək istəyirəm ki, sosial medianın fəaliyyətini tənzimləyəcək qanunvericiliyin olmaması bu problemlərlə mübarizəni daha da çətinləşdirir. Bu məqsədlə​ hüquq mühafizə orqanları tərəfindən müvafiq​ tədbirlərin görülməsi, təxirəsalınmaz addımların atılması zəruri əhəmiyyət kəsb edir."​

Məsələn,​ hər hansı bir sosial şəbəkədən anonim olaraq​ qeydiyyatdan keçən​ istifadəçi​ ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edən bir şəxs barəsində əsassız saxta məlumatlar yaymağa başlayır, hətta bəziləri təhqir və böhtan xarakterli yazılara da yer verməklə bunu öz şəxsi ifadə azadlığı hesab edərək barəsində məlumat paylaşılan şəxsin şərəf və ləyaqətinin ləkələnməsinə səbəb ola biləcək hərəkətlər edir. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində​ yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi​ informasiya vasitələrində kütləvi nümayiş etdirilməsinə görə cərimə, ictimai işlər və ya islah işləri, həmçinin azadlıqdan məhrum etmə sanksiyaları nəzərdə tutulmuşdur. Lakin, buna baxmayaraq qanunvericiliyin iki fərqli sahədəki boşluqları nəzərə çarpır.

​​Birincisi,​ məlumatları paylaşan şəxsin kimliyinin müəyyən edilməsi mümkün olmadığı halda nüfuzu ləkələnən vətəndaş qarşı tərəfi tanımadığından pozulmuş hüquqlarını müdafiə edə bilmək üçün məhkəməyə müraciət edə bilmir, bu isə AR Konstitusiyasının 57-ci maddəsində təsbit​ olunmuş şəxsin müraciət etmək hüququnun həyata keçirilməsini çətinləşdirir.

İkincisi, Azərbaycan qanunvericiliyində təhqir və böhtan üçün cəza tədbirləri müəyyən edilmiş olsa da, məqsədli şəkildə saxta xəbərlərin yayılması ilə bağlı hər hansı cəza tədbiri nəzərdə tutulmamışdır. Bütün dünyada cinayət hüququ sahəsində humanizm prinsipinin rəhbər tutularaq cəzaların mümkün qədər yüngülləşdirilməsi bəzi sui-istifadəçilər üçün şərait yaratmaqdadır. Belə ki, qanunvericiliyin​ nəzərdə tutduğu tədbirlərin​ çərçivəsinə bələd olan bəzi​ istifadəçilər və ya jurnalistlər​ təhqir və böhtan xarakterli ifadələrdən deyil, yalnız saxta məzmunlu məlumatlar yaymaqla da şəxsin şərəf və ləyaqətinin ləkələnməsinə, cəmiyyətdə həmin şəxslər barəsində yanlış fikir formalaşmasına səbəb olurlar. ​ ​

Bu kimi​ əməllərlə, adətən fəaliyyəti heç bir dövlət orqanı tərəfindən təsdiqlənməyən, qeydə alınmayan​ elektron​ portallar​ məşğul olur.

Bu səbəbdən də təklif edirəm ki, ölkəmizdə elektron kütləvi informasiya portalı fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən qaydalar tətbiq edilsin. Bu fəaliyyət şəffaf qaydada həyata keçirilsin və​ bu fəaliyyətlə​ məşğul olmaq istəyən hər bir şəxs müvafiq qaydada dövlət qeydiyyatından keçərək fəaliyyətini rəsmi şəkildə təsdiqlətsin.​

​Artıq mətbuatı cəmiyyət üçün “bələdçi” hesab edən bir sıra Avropa dövlətləri media vasitəsilə yayıla biləcək saxta xəbərlərin törədə biləcəyi nəticələrin əvvəlcədən qarşısının alınması məqsədi ilə bir sıra qabaqlayıcı nəzarət tədbirləri həyata keçirirlər. Biz də vətəndaşlara internet vasitələrindən məlumat alarkən ehtiyatlı və diqqətli olmağı, rəsmi fəaliyyət göstərən portallara üstünlük verməyi tövsiyə edirik".​

Xəbərlər