Ümumi 21 İyun 2023, 14:42 | Baxış sayı: 132
“Taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində görülən tədbirlər bir sıra problemlərin həllinə kömək edəcək”

Məlum olduğu kimi, hazırda Bakı şəhərində taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin sayının çox olması bir sıra problemlər yaradır. Bakı şəhərində hər min nəfərə düşən taksi sayı təxminən 30 ədəddir. Bu isə beynəlxalq təcrübədəki ortalama göstəricidən təxminən 4-5 dəfə çoxdur. Taksilərin yaratdığı sıxlıq nəticəsində avtobusların dövrlər sayı azalır və bunun nəticəsində avtobuslar sərnişindaşımadan kənarlaşır və hazırda daşıyıcılarda yüzlərlə avtobus istifadəsiz vəziyyətdə qalmaqdadır.

Bundan başqa, taksi dayanacaqları müəyyən edilmədiyindən taksilər avtobus dayanacaqlarını zəbt edir. Avtobuslar ikinci zolaqda dayanmaq məcburiyyətində qalır. Bu da sıxlıq və tıxaclara səbəb olur. Qabaqcıl dövlətlərin təcrübəsində şəhərlər üzrə əhali sayına və infrastruktura görə taksi sayına kvotanın tətbiq edilməsi təcrübəsi geniş yayılıb.
Taksilərdə qiymətlərin ucuz olmasından müştərilər razı qalsa da, bu ucuzluq, taksi fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyini aşağı endirir. Qiymətlər ucuz olduğuna görə sürücülərin qazancı az olur və onlar avtomobili saz vəziyyətdə saxlaya bilmirlər.
Taksilərin say çoxluğu, sürücülərin ağır iş şəraiti, eləcə də bir çox sürücülərin qeyri-peşəkarlığı yol-nəqliyyat hadisələrinin sayının artmasına da səbəb olur.
Bakı şəhərində təxminən 67000 civarında taksinin olmasına baxmayaraq, 2023-cü ilin may ayında “Fərqlənmə nişanı” alan taksilərin sayı 1896 ədəd olmuşdur. Taksi aqreqatorları “Fərqlənmə nişanı” almayan sürücülərlə müqavilə bağlayır, onların taksi xidməti göstərməsinə şərait yaradır. “Fərqlənmə nişanı” almadıqları üçün taksilərin uçotunun aparılması mümkün deyil. Buna görə də, sürücülərin əmək münasibətləri rəsmiləşdirilmir, gələcək sosial təminatları ilə bağlı məsələlər açıq qalır.
Bütün bunlarla yanaşı, taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün müəyyən edilmiş tələblərə riayət olunmur. Belə ki, taksi sürücülərinin yaşı 21-dən az olmamalı, B kateqoriyası üzrə ən azı iki il stajı olmalı və xüsusi hazırlıq keçməlidirlər.
Bundan başqa, sürücülərin sərnişinlərə qarşı qeyri-etik və kobud davranışı halları geniş vüsət alıb, qiymətdən artıq ödəniş tələb edilməsi halları var, kartla ödənişlərdən bir çox hallarda imtina edilir, sürücülərin tibbi müayinəsi aparılmır, nəqliyyat vasitələri texniki müayinədən keçirilmir və s.
Qeyd etmək lazımdır ki, taksi kimi istifadə edilən avtomobillər standartlara cavab vermir, onların tərtibatına, təchizatına və bəzi texniki göstəricilərinə dair tələblər olsa da, buna riayət edilmir.
İctimai nəqliyyatda sərnişin axınının azalması bu sahənin bir biznes növü kimi sahibkarlara cəlbediciliyini azaldıb, nəticədə yüzdən artıq avtobus sərnişindaşıma fəaliyyətindən çıxarılıb, bu səbəbdən sərnişinlər üçün ictimai nəqliyyatın cəlbediciliyi də azalıb. Buna görə də ictimai nəqliyyat sisteminin əsasları əhəmiyyətli dərəcədə sarsılıb.
Taksi daşıyıcılarının və aqreqatorlarının fəaliyyətinin tənzimlənməsi sahəsində görülən tədbirlər nəticəsində bundan sonra taksi daşıyıcıları və aqreqatorları icazə əsasında fəaliyyət göstərəcəklər və onların dəqiq uçotu aparılacaq. İcazənin verilməsi üçün konkret tələblər müəyyən ediləcək və o, 7 il müddətinə veriləcək. Taksi aqreqatorları yalnız icazəsi olan taksi daşıyıcıları ilə işləyə biləcək. Taksi aqreqatorları səfərlər barədə adsızlaşdırılmış məlumatları müvafiq icra hakimiyyəti orqanına ötürməli olacaqlar ki, bu məlumatlar nəqliyyat planlaşdırılmasında istifadə olunacaq. Taksi sürücülərinin iş və istirahət rejiminə nəzarət ediləcək və taksi daşımalarında qayda pozuntuları ilə bağlı konkret inzibati tənbeh tədbirləri tətbiq ediləcək.
Bundan başqa, taksi sürücüləri etik davranış qaydalarına dair təlimlər keçəcək. Ekoloji təmiz mobillik təşviq ediləcək, velosiped və skuterlər üçün infrastruktur yaradılacaq.
Görülən tədbirlər nəticəsində sərnişin axınının azalması səbəbindən sərnişindaşımadan kənarlaşan avtobuslar yenidən sərnişindaşımaya cəlb ediləcək və avtobusların rahat hərəkəti üçün xüsusi hərəkət zolaqları yaradılacaq. Görüləcək bütün bu tədbirlər son nəticədə ölkəmizdə ictimai nəqliyyatdan istifadə sahəsində nəzərəçarpacaq dərəcədə müsbət dəyişikliklərə səbəb olacaqdır.

Xəbərlər