“TikTok-la bağlı qanun qəbul etməyin vaxtı çatıb”
Xeyli vaxtdır ki, bəzi ölkələrdə “TikTok” sosial şəbəkəsinin cəmiyyətə, ailə dəyərlərinə və insan münasibətlərinə vurduğu zərbələrlə bağlı həyacan siqnalı çalınmaqdadır. Artıq bir Şərq və Avropa ölkələrində bu platformanın fəaliyyəti ya tam, ya da qismən məhdudlaşdırılıb.
Bir neçə gündür ki, qardaş Türkiyədə də “TikTok” ilə bağlı narazılıqlar yüksək həddə çatıb. Artıq rəsmi şəxslər də özlərinin “Facebook”, “Twitter” sosial şəbəkə hesablarında və yerli mətbuata açıqlamalarında onun cəmiyyətə və ailə dəyərlərinə böyük zərbə vurduğunu açıq şəkildə söyləyirlər.
Azərbaycanda da bir neçə dəfə, hətta 44 günlük Vətən müharibəsində və cari ilin sentyabr ayında baş tutan 24 saatlıq antiterror əməliyyatları ilə bağlı bir müddətlik məhdudlaşdırıldı.
Bəs, ölkəmizdə də “TikTok” bağlana bilərmi?
Bizim.Media-nın bu və digər suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Babaoğlu da, sosial şəbəkələrin milli-mənəvi dəyərlər üzərində təzyiq yaratdığını və zərbə vurduğunu təsdiqlədi:
“Xüsusilə də “Tik-Tok” kimi vasitələrlə insanların beyni və şüuru manipulyasiya edilir. Bu kimi şəbəkələrin əsas hədəfi, idraki keyfiyyəti tam formalaşmamış gənclərdir. Bu şəbəkədə yayılan videoların əksəriyyəti bizə subminal mesaj göndərir. Belə ki, hər bir insan bir saniyədə 24 kadr görə bilirik.
Amma “Tik-Tok”da yayımlanan 25-ci kardrla emosional yaddaşımıza müraciət olunur. Bu yaddaşa hansı hansı informasiyalar ötürülürsə, beynimizə adi yaddaşdan daha tez həkk olunur və beləliklə, ordan gələn direktivlərin icraçısına çevrilirik”.
Deputat Türkiyədə bununla bağlı müzakirələrin başlanmasının səbəbsiz olmadığını vurğulayıb:
“Rəsmi şəxlərin də müzakirələrə qoşulması göstərir ki, artıq ciddi təhllillər aparılır və bağlanması ilə bağlı qənaət formalaşdırılıb. Bu baxımdan da düşünürüəm ki, sosial-ictimai həyatımızda bu şəbəkə olmasa, heç nə yerindən oynamayacaq və dünənə qədər də həyatımızda yox idi. Bu gün sevindiricidir ki, Azərbaycanda milli mənəviyyat və milli dayanıqlılıq baxımından ailə institutu çox möhkəmdir. Düşünürəm ki, elmi-kütləvi immunitet vasitəsilə də bunun öhdəsindən gəlmək olar”.
“Tik-Tok”un qlobal informasiya imperializmininin beyin məhsulu olduğunu söyləyən müsahibimiz bildirib ki, onların şəbəkə vasitəsilə ötürdükləri mesajlar da ailə və milli-mənəvi dəyərlərə yönəlib:
“Əsas qorxu da bundan ibarətdir. Bu kimi vasitələr də dediyim imperializmin cəbhəxanasıdır və dəyərlərimizi hədəfə alaraq atəş açır. Müasir cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda bu məsələ aktualdır və belə resurslarla bağlı tənzimləyici qanunların qəbul olunmasının vaxtı gəlib çatıb”.