Cəmiyyət 27 Yanvar 2022, 15:35 | Baxış sayı: 93
""Tiktok" kimi sosial şəbəkələrdə insani hissləri kənara atıb, heyvani hissləri qabardırlar".

"Sosial şəbəkələrin, eləcə də “Tiktok”un müsbət tərəfləri olsa da, vurduğu ziyan dəfələrlə çoxdur. Belə sosial şəbəkələr insanlarda müqəddəs hisslər saxlamır, bayağılıq, ədəbsizliyi təbliğ edir. Bir sözlə, balalarımızı əlimizdən alırlar. Tiktok kimi sosial şəbəkələr insanların mənəvi kamilliyinə zərbə vurur. İnsan vəhşi deyil axı... Belə şəbəkələrdə insani hissləri kənara atıb, heyvani hissləri qabardırlar. Fikrimcə qanunvericilikdə müvafiq dəyişikliklər etmək lazımdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, belə şəbəkələrin mənfi təsirlərinin qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirmək lazımdır: "Məndə olan məlumata görə, bu yaxınlarda bir qrup “Tiktok” istifadəçisi zərərli məlumatlar yaydıqlarına görə məsuliyyətə cəlb edilib, hətta onlardan biri həbs olunub. Yəni, bu məsələdə incimək lazım deyil, başa düşmək lazımdır ki, cəmiyyətə çox ziyan vurur. Xüsusilə də yeniyetmə və gənclərə mənfi təsiri daha çoxdur. Telefonlarda, kompüterlərdə adamın gözünün önünə gəlir, zərərli vərdişlərə meyil yaranır. Nəzərə almaq lazımdır ki, bir sıra dövlətlərdə məsələ ilə bağlı məhdudiyyətlər tətbiq edilir. Hesab edirəm ki, adət-ənənələrimizə, qanunlarımıza zidd olan belə problemlərin qarşısını almaq ciddi tədbirlər həyata keçirmək vacibdir. Həmçinin qanunvericilikdə müvafiq dəyişikliklər etmək lazımdır”.

Xəbərlər