“Təhsil haqqında” qanuna dəyişiklik təklif edilib
Təhsil sahəsində dövlətin vəzifələri artırılır.
Bu, Milli Məclisin Elm və təhsil komitəsinin oktyabrın 19-da keçirilən iclasının gündəliyinə daxil edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir.
Eyni zamanda, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.
Mənbə: apa.az