Siyasət 9 Oktyabr 2023, 16:48 | Baxış sayı: 160
"Terror dövləti Fransanın bu qədər riyakar, ikiüzlü və çoxstandartlı olması ikrah doğurmaqdadır"

"Fransa "Həmas"ın hücumunda həyatını itirənlərlə həmrəylik nümayiş etdirmək üçün Eyfel qülləsini İsrail bayrağında işıqlandıracaq. Terror dövləti Fransanın bu qədər riyakar, ikiüzlü və çoxstandartlı olması ikrah doğurmaqdadır".

 

Bunu deputat Bəhruz Məhərrəmov bildirib.

 

"Təşkilatlanmış və dövlət səviyyəsində dəstəklənən erməni terrorunu 140 ildən çoxdur ki, himayə edən Fransa bu gün antiterror subyekti kimi davrana bilməz. Afrikada, Asiyada, Mərkəzi Amerikada və Dənizaşırı ərazilərdə 10 milyondan artıq insanı məhz fransız olmadığına görə qətlə yetirən soyqırım canisi Fransa terror əleyhdarı kimi nə qədər səmimi ola bilər? Cənubi Qafqazda sülhün qarşısında əsas maneəyə çevrilən, ötən 30 il ərzində Ermənistanın Azərbaycana qarşı davam etmiş terror-təcavüz və işğal cinayətlərini siyasi və maliyyə dəstəyi ilə təmin edən Fransanın bu gün guya yəhudilərin dərdinə "şərik" çıxırmış kimi fon yaratması və əlindəki milyonlarla insanın hələ qurumamış qanı ilə İsrailin bayrağını, Davidin ulduzunu çirkləndirməyə çalışması yolverilməzdir. Bu ilin əvvəlindən etibarən Avropada birbaşa Fransa hökumətinin nəzarətindəki media orqanlarında, o cümlədən Fransanın maliyyəsi ilə fəaliyyət göstərən Ermənistan KİV-ində anti-İsrail ritorikası pik həddə çatmışdı. Hətta cəmi iki gün öncə "EU Reporter" saytında "2023: The resurgence of anti-semitism" (Antisemitizmin dirçəlişi) adlı məqalədə ermənilərin yəhudilərə artan nifrəti İsrail-Azərbaycan tərəfdaşlığı fonunda təhlil olunmuş və mövcud situasiyadan narahatlıq ifadə edilmişdi. Fransanın Ermənistanda təsir imkanlarının artdığı bir dövrdə, İrəvandakı Yəhudi sinaqoquna cəmi 5 gün öncə vandal hücumu və hücuma görə "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" - ASALA-nın məsuliyyəti üzərinə götürməsi bu narahatlığın əbəs olmadığını üzə çıxarmışdı. Sirr deyil ki, ASALA-nın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşsə də, rəhbərləri bir qayda olaraq Marseldə iqamətgahlanır və Fransanın himayəsində mövcudiyyətini qoruya bilir. Bu mənada, əgər dünya ictimaiyyəti Yaxın Şərqdə və Cənubi Qafqazda yeni cinayətlərin törədilməməsində, terrorun qarşısının alınmasında həqiqətən maraqlı və israrlıdırsa, ilk növbədə Həmas-ASALA və Fransa triosunun, o cümlədən Fransanın təsir imkanlarına malik bölgələrdəki birgə fəaliyyət şəbəkəsini araşdırmalıdır", - B.Məhərrəmov qeyd edib.

pravda.az

Xəbərlər