Plenar iclaslar 12 Oktyabr 2022, 15:48 | Baxış sayı: 156
"Tenderlər Azərbaycanda formal xarakter daşıyır və qaliblər əvvəldən məlum olur"

“Azərbaycanda təxminən 150 minə qədər kiçik və orta sahibkar var. Bunlara kömək etmək, məsləhət vermək bir dövlət orqanının görəcəyi iş deyil”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bizim qanunlar deklarativ xarakter daşımamalı, yəni nəzəri olmamalıdır: “Qanunların işləməsi üçün mexanizmlər işlənib hazırlanmalıdır. Biz mətbuatdan korrupsiya ilə bağlı xəbərlər oxuyuruq. Korrupsiyanın azalması üçün mexanizmlər işlənməlidir. İkincisi, hamımız Azərbaycan reallığında yaşayırıq. Tenderlər Azərbaycanda formal xarakter daşıyır və tenderin qalibi əvvəldən məlumdur. Tenderlərin keçirilməsi üçün daha şəffaf mühit yaradılmalıdır. Biz sahibkarlara bununla dəstək ola bilərik. Bunu bir misal kimi çəkdim. Yəni mexanizmlər işlənib hazırlanmasa, KOBİA necə ucuz çıxışı sahibkarlar üçün təşkil edəcək? Azərbaycanda ictimai münasibətlər sistemi Qərb reallıqlarına cavab vermir, amma bizim qanunları Qərb reallıqlarına uyğunlaşdırırlar. Ona görə də, deyirlər ki, icra olunan pis qanun daha yaxşıdır, nəinki icra olunmayan yaxşı qanun. Ölkədə hüquq mədəniyyəti ilə bağlı əks-effekt olur. Ona görə də bundan sonra biz qanun qəbul edəndə mövcud reallıqları nəzərə almalıyıq”.

Sədr Sahibə Qafarova isə həmkarının tenderlərlə bağlı mövqeyini dəstəkləmədiyini bildirib: “Tenderlərlə bağlı qanun-qayda var və tenderlər bu qanun-qayda ilə həyata keçirilir”.

Mənbə: apa.az

Xəbərlər