Siyasət 5 Aprel 2023, 17:37 | Baxış sayı: 140
“Təbrizdəki konsulluğumuz Təbrizli qardaşlarımıza əmanətdir…”

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında təxribat xarakterli addım atılıb. SEPAH-ın dəstəyi ilə yaranan “Hüseyniyyun” terror qruplaşmasının üzvləri “bayraqlarını” konsulluğumuzun qarşısına səriblər. Qruplaşma bəyan edib ki, “Əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”.

 

Hadisələrin belə gərginləşməsi fonunda Tehrankdakı səfirliyimizə edilən silahlı hücum kimi Təbrizdəki Baş Konsulluğumuza hər hansısa bir hücum edilə bilərmi? Təhlükəsizlik tədbirləri lazımı səviyyədə görülürmü?  Konsulluğumuzun ünvanı dəyişdirilə bilərmi? Sözügedən mövzu ətrafında millət vəkili Hikmət Babaoğlu Visiontv.az saytına açıqlama verib:

“İran bu gün “Hüseyniyyun” adlı təşkilatını yaratmaqla Azərbaycanı şantaj edir. Bunu da Mossada qarşı özünü müdafiə cəhdi kimi qiymətləndirir. Amma 10 – 11 – ci əsrlərdə Mossad yox idi. Lakin o dövrdə də Hasan Sabbah “Seyyudin” yararmışdı. Və o onun vasitəsi ilə bizim ortaq impreriyamız olan Böyük Səlcuq İmperiyasına qarşı savaşırdı. Yəni “Seyyudin” də “Hüseyniyyun” da bunlar hamısı hələ min il bundan əvvəl bizə tanışdı. Cənubi Azərbaycdandakı soydaşlarımız da “Hüseyniyyun” - un və “Seyidiyyun” - un nə olduğunu çox yaxşı bilirlər. İslam dini həmişə fars şovinizminin əlində alət olubdur. Bu gün qəhrəman Təbrizli soydaşlarımız səslərini çıxarmasınlar deyə, bütövlükdə Təbrizdəki və bütün azərbaycanlılara qarşı olan düşmənçiliyini bu gün Mossad adı altında pərdələməklə müharibəsini aparır.

Əminəm ki, vaxtı çatanda hər bir azərbaycanlı harada olmasından asılı olmayaraq bu cür addımlara qarşı lazımı cavabı verəcəkdir. Qaldı ki, Azərbaycanın konsulluğuna qarşı terrorun törədilib törədilməməsi məsələsinə, əlbəttə ki, törədilə bilər. Tehrandakı səfirliyimizə qarşı terror törədilirsə, konsulluğumuza da qarşı törədilə bilər. Bunu əsla istisna etmək olmaz.

Bizim Təbrizdəki  konsulluğumuzun mühafizəsinə gəldikdə isə bu məsuliyyəti Təbrizli soydaşlarımız bizimlə bölüşməlidirlər. Çünki, bizim Təbrizli konsulluğumuz Təbrizli qardaşlarımıza əmanətdir. Digər rəsmi məsələlərə gəldikdə isə sözsüz ki, hər bir ölkəyə akkreditasiya edilmiş konsulluq və ya səfirlik ev sahibi olan ölkənin təhlükəsizlik təminatı altındadır. Lakin İran tərəfi isə bu təhlükəsizliyi təmin etmir. Ona görə də Azərbaycan öz tərəfindən nə mümkündürsə edəcək. Ümid edək ki, Təbrizdəki konsulluğumuzu heç bir bir terror təhlükəsi təhdid etməyəcəkdir.”

Xəbərlər