KOMİTƏ İCLASLARI 26 Yanvar 2022, 17:23 | Baxış sayı: 207
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin parlamentin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Yanvarın 25-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin parlamentin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

İclası açan komitə sədri Sadiq Qurbanov gündəliyi təqdim edib. Bildirib ki, müzakirəyə 4 məsələ çıxarılıb.

İlk iki məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatının və 2022-ci il yaz sessiyası üçün iş planının təsdiqi ilə bağlıdır.

Qalan iki məsələ isə “Qaz təchizatı haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələrinin müzakirəsidir.

Əvvəlcə komitə sədri 2021-ci ilin payız sessiyası dövründə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabatı müzakirəyə təqdim edib. Bildirib ki, komitənin hesabat dövründə keçirilən 10 iclasında 14 məsələyə baxılıb. Komitədə baxılan qanun layihələri barədə danışan komitə sədri bildirib ki, deputatlar qanun yaradıcılığı prosesində fəal olublar, ictimai-siyasi proseslər, ekoloji problemlərlə bağlı mətbuatda aktiv mövqe nümayiş etdiriblər.

Eyni zamanda, sessiya ərzində komitə sədri və üzvləri yerli və beynəlxalq səviyyəli tədbirlərə qatılıblar, həm təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları çərçivəsində, həm də digər platformalarda bir sıra görüşlər keçiriblər. Qeyd olunub ki, komitə mənsubları 44 günlük Vətən müharibəsi şəhidlərinin anım mərasimlərində iştirak ediblər, şəhid ailələri və qazilərin problemləri ilə yaxından maraqlanıblar.

Məlumat verilib ki, 2021-ci ilin payız sessiyası dövründə vətəndaşlardan, idarə və təşkilatlardan komitəyə daxil olmuş 198 müraciətə komitədə baxılıb və müvafiq tədbirlər görülüb.

Komitənin 2022-ci il yaz sessiyası üçün iş planı ilə bağlı Sadiq Qurbanov bildirib ki, planda komitəyə daxil olan qanun layihələrinin və digər sənədlərin təhlili, müzakirəsi ilə yanaşıekologiya və energetika üzrə qanunvericiliyin icra vəziyyətinə, bu sahənin aktual məsələlərinə dair aidiyyəti qurumlarla müzakirələrin keçirilməsi kimi tədbirlər də öz əksini tapıb.

Sənədlərin müzakirəsində komitə üzvləri Naqif Həmzəyev, Nəsib Məhəməliyev, İltizam Yusifov çıxış ediblər. Deputatlar komitənin ötən sessiyada işini qənaətbəxş sayıblar. Onlar qarşıdakı sessiyada bərk məişət tullantılarının idarə edilməsi, su problemləri, Hacıqabul gölünün mövcud vəziyyəti, qanunsuz ov edilməsi, torpaqlardan səmərəli istifadə kimi məsələlərin gündəmdə saxlanması ilə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin sonunda komitənin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı qənaətbəxş hesab olunub və 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Sonra komitə qanun layihələrinin müzakirəsinə keçib.

Komitə sədri bildirib ki, müzakirəyə çıxarılan hər iki sənəd -  “Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Dəm qazı zəhərlənmələrindən vəfat edənlərin və zərər çəkənlərin ötənilki statistikasını iclas iştirakçılarının diqqətinə çatdıran Sadiq Qurbanov qanun layihəsinin sosial sifarişə əsaslandığını deyib, qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliyinin yüksəldilməsinin, neqativ halların operativ aradan qaldırılmasının, qaz paylayıcısının məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, “Qaz təchizatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunub. Bu çərçivədə qanuna bir sıra dəyişikliklər edilib, yeni anlayışlar və tənzimləmələr təsbit olunub.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində isə məcəllənin 279-cu maddəsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub.

Həmçinin layihədə qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub.

Qanun layihələrinin müzakirəsində çıxış edən deputatlar Naqif Həmzəyev, İltizam Yusifov, Nəsib Məhəməliyev, Afət Həsənova təklif olunan dəyişikliklərlə bağlı rəylərini, suallarını səsləndiriblər. Deputatlar dəyişiklikləri əsasən istehlakçıların hüquq və mənafeləri kontekstində dəyərləndiriblər, onların praktiki tətbiqi, məsuliyyətin aydınlaşdırılması, bina mülkiyyətçilərinin müəyyənləşdirilməsi kimi məsələlərlə bağlı fikirlərini bildiriblər.

Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev, “Azəriqaz” İstehsalat Birliyinin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov deputatların suallarını cavablandırıblar, qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda komitə üzvləri qanun layihələrini baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda deputatlar Anar Məmmədov, Əliabbas Salahzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbərlər