Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.
Mayın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Sadiq Qurbanov bildirib ki, iclasın gündəliyinə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxildir.
Sadiq Qurbanov diqqətə çatdırıb ki, bərpa olunan enerji sektorunun, yaşıl iqtisadiyyatın inkişafı ölkəmizin rəhbərliyi tərəfindən müəyyən olunmuş əsas prioritetlərdəndir. İşğaldan azad olunmuş ərazilərimizin “yaşıl zona” elan edilməsi qəbul olunacaq qanun layihəsinin əhəmiyyətini daha da artırır. 2030-cu ilə qədər ölkə üzrə ümumi elektrik enerjisi istehsalında yaşıl enerji payının 30%-ə çatdırılması nəzərdə tutulur.
Ölkəmizin Dördüncü Sənaye İnqilabının tələblərinə uyğun mövqeyinin gücləndirilməsindən və aparıcı ölkələr arasında yer almasından danışan komitə sədri diqqətə çatdırıb ki, müzakirəyə çıxarılan qanun layihəsi bu istiqamətdə ölkədə gedən islahatlar çərçivəsində əhəmiyyətli rol oynayacaq.
İclasda çıxış edən energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Bu Milli Prioritet ölkəmizin bərpa olunan enerji sahəsinə və yaşıl iqtisadiyyata diqqətinin bariz nümunəsi kimi qiymətləndirilə bilər.
Nazir müavini deyib ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinin hazırlanması Prezident İlham Əliyevin 29 may 2019-ci il tarixli Sərəncamından irəli gəlir.
Sonra Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov məlumat verib ki, qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edəcək və bu sahədə yaranan münasibətləri tənzimləyəcək.
Sonra iclasda iştirak edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri - Asim Mollazadə, Nəsib Məhəməliyev, Naqif Həmzəyev, İltizam Yusifov, Fatma Yıldırım, Mixail Zabelin, Əliabbas Salahzadə təqdim olunan qanun layihəsinin dövrün tələblərinə uyğun hazırlandığıını vurğulayıblar, onun əhəmiyyətindən danışıblar.
İclasın sonunda qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.