Siyasət 4 Sentyabr 2023, 15:10 | Baxış sayı: 101
“Tarix sübut edir ki, Qarabağ, İrəvan Azərbaycandır!”

“İstər xaricdə, istər daxildə Azərbaycanda bu gün mövcud olan iqtidara qarşı kimsə narazı ola bilər, tənqidi fikirlərini söyləyə bilər. Ancaq hazırkı vəziyyətdə Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı olan məsələlərdə müxalifət-iqtidar söhbəti olmamalıdır. Özünü azərbaycanlı hesab edən, Azərbaycan dövlətinə, hökumətinə, xalqına qarşı sədaqətli bilən kimlər varsa, onlar bu məsələdə Azərbaycan dövlətinin və xalqının yanında olmalıdırlar. Öz şəxsi mənafeləri, haradansa, kimlərdənsə maliyyələşmələri naminə Azərbaycan əleyhinə təbliğatlar aparırlarsa, artıq öz millətlərinə, xalqlarına, dövlətlərinə xəyanət etmiş olurlar. Qarabağ Azərbaycandır, Azərbaycan torpağıdır! Bununla bağlı heç bir mübahisəli fikir yoxdur. Kim nəsə deyirsə, absurddur. Tarix var. Tarix isə sübut edir ki, Qarabağ, İrəvan Azərbaycandır! Bu birmənalıdır”.

 

Bu sözləri Milli Məclisin deputatı Elman Məmmədov Fransada yaşayan karikaturaçı Gündüz Ağayevin “Qarabağın Azərbaycan torpağı olub-olmadığını gələcək göstərəcək” fikirlərinə münasibət bildirərkən deyib.

 

Deputat vurğulayıb ki, bu gün Azərbaycan müstəqil, suveren dövlət kimi siyasətini bütün ərazisində təmin etmək üçün tədbirlər görür və görməyə davam edir: “Hazırkı mövcud vəziyyətlə bağlı cənab Prezidentimiz fikrini söyləyib. Hörmətli Hikmət Hacıyev də dedi ki, Azərbaycan ərazisində Azərbaycan qanunlarına tabe olmayan, Azərbaycan qanunları işləməyən boz ərazi olmayacaq. Kimsə Azərbaycan ərazisində yaşamaq istəyirsə, ərizə ilə Azərbaycan dövlətinə müraciət edəcək ki, xahiş edirəm, mənə vətəndaşlıq verin. Azərbaycan dövləti onun keçmişinə də, indisinə də, gələcəyinə baxacaq ki, ona vətəndaşlıq vermək olar, ya yox. Digər fikirlərə - ermənilərin qaraçı kimi şüvən qaldırmalarına, təxribatlarına 30 ildən artıq dözmüşük, bəsdir. Bizə cavab verilməlidir”. 

pravda.az

Xəbərlər