İqtisadiyyat 5 İyun 2023, 16:42 | Baxış sayı: 209
“Taksi xidməti göstərən şirkətlər daha çox gəlir əldə edirlər, sürücülərə isə o qədər də qazanc qalmır”

Xəbər verdiyimiz kimi, taksi şirkətlərinin fəaliyyəti ilə bağlı tənzimləmənin təmin edilməsi məsələsi qarşıya məqsəd qoyulub. Lakin bu qərar müəyyən etirazlara da səbəb olub. Müzakirələr zamanı bildirilib ki, taksi şirkətlərinin digər şirkətlərlə müqayisədə daha zərərsiz qüsurları var. Qeyd olunub ki, taksi sahəsində inhisarçılıq olmadığı üçün belə bir qərar verilir. Bu məsələ eyni zamanda Rəqabət Məcəlləsini yenidən gündəmə gətirib. Bildirilir ki, Milli Məclisin yaz sessiyasında Rəqabət Məcəlləsinin qəbul ediləcəyi vədi verilmişdi, lakin sessiya bitsə də, Məcəllədən bu dəfə də heç bir xəbər yoxdur.

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məcəlisin deputatı Naqif Həmzəyev isə deyib ki, uzun illərdir, Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı işlər planlaşdırılır: “Bu, Milli Məclisin fəaliyyət planına da daxil edilib. Ümid edirəm, payız sessiyasında məsələ həllini tapacaq. Rəqabət qanunu işə düşdükdən sonra təkcə taksi xidmətləri deyil, ümumiyyətlə, xidmət sektorunda fəaliyyət göstərən bütün şirkətlər arasında rəqabətliliyin ədalətli formada təşkili təmin ediləcək”. 

 

Deputat təəssüflə vurğulayıb ki, Azərbaycanda müxtəlif taksi şirkətləri xidmət göstərir, lakin bəzi taksi sürücüləri çox ciddi pozuntulara yol verirlər: “Xidmət göstərən taksi şirkətləri isə həmin sürücülərin monitorinqini aparmır, yoxlanışdan keçirmir. Nəticədə, müştərilər arasında ciddi narazılıqlar yaranır. Xüsusilə, bəzi sürücülərin içkili şəkildə, narkotik maddə qəbul edərək avtomobil idarə etmələri, xanım sərnişinlərlə qeyri-etik davranışlara yol vermələri, kartla ödəniş zamanı narazılıq etmələri kimi hallar var. Bu da taksi şirkətlərinin xidməti yüksək səviyyədə təşkil etməmələrindən xəbər verir. Ümumilikdə, taksi xidmətinin daha təhlükəsiz, rahat, operativ aparılması üçün qaydaların hazırlanması, bu qaydalara uyğun xidmətlərin göstərilməsi arzuolunandır”.

 

N.Həmzəyev əlavə edib: “Taksi xidməti göstərən şirkətlər daha çox gəlir əldə edirlər. Sürücülərə isə o qədər də qazanc qalmır. Bu məsələdə də mütləq ədalətli yanaşma olmalıdır. Ən çox əziyyət çəkən sürücülərin zəhməthaqqı ədalətli formada ödənilməlidir. Xüsusilə, beynəlxalq markalar adı altında xidmət göstərən taksi şirkətlərində məhz sürücülərin hüquqlarını qorunması, onların Əmək Məcəlləsinə müvafiq fəaliyyətinin təmin edilməsi nəzarətdə saxlanılmalıdır. Bu baxımdan, həmin şirkətlər xidmət qaydalarına mütləq düzəlişlər etməli, müvafiq qaydalara uyğun xidmət göstərməlidirlər" .

Xəbərlər