“Şuşadakı türmə təmir edilməli və erməni cinayətkarların hamısı ora doldurulmalıdır".
İşğaldan azad edilən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunandan sonra burada yerləşən türmənin sökülməsi təklif olunur. Bəzi mədəniyyət xadimlərinin fikrincə, işğala qədər qatı cinayətkarların saxlanıldığı həbsxana binası indi Şuşa şəhərinə yaraşmadığından onu ləğv etmək lazımdır.
Deputat Elman Məmmədov isə bu təkliflə razı deyil. Modern.az-a açıqlamasında deputat bildirib ki, “Şuşadakı türmə təmir edilməli və erməni cinayətkarların hamısı ora doldurulmalıdır.
E.Məmmədov deyib ki, erməni cinayətkarlar işğal müddətində həmin türmədə azərbaycanlılara verdikləri əzab-əziyyətin eynisini yaşamalıdırlar:
“Azərbaycanın günahsız insanlarına əzab-əziyyət, işgəncə verən erməni cinayətkarlar - koçaryanlar, sərkisyanlar, balasanyanlar Azərbaycan qanunları ilə mühakimə olunub, cəzalarını orada çəkməlidirlər. Şuşa türməsi tarixi yerdir. Yeni tariximizdə keçmişimizə ləkə vuran işğalçı cinayətkarlar, hərbi canilər, qatillərin hamısını ora doldurub cəzalarını çəkdirməliyik”.
Qeyd edək ki, Şuşa türməsi Çar Rusiyası dövründə - XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Bəzi məlumatlara görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurdular. Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırıb.
Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.
Həbsxana inşa edilərkən qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək, yenidən formalaşdırılıb.
Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunub. Ən təhlükəli, qatı cinayətkar hesab olunan şəxslər cəza çəkmək üçün bura göndərilib. Ümumilikdə, həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub.
Rusiya İmperiyasının və SSRİ-nin ən müxtəlif guşələrindən cinayətkarlar cəzasını bu türmədə çəkiblər.
1992-ci il mayın 8-də şəhər işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub.
İşğal zamanı erməni cinayətkarlar əsir götürdükləri azərbaycanlıları məhz burada saxlayıblar, mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər.