Siyasət 24 İyul 2023, 15:43 | Baxış sayı: 225
"Şuşa Forumu dünya mediasının inkişafına əhəmiyyətli töhfələr verəcək"

“Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri növbəti dəfə mötəbər beynəlxalq tədbirə - “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumuna evsahibliyi etdi və öz əzəmətini, kimliyini, mənliyini dünyaya göstərdi. Fəxarətlə deyə bilərik ki, artıq Şuşa dünyada həm də beynəlxalq tədbirlərin keçirildiyi, qlobal xarakterli müzakirələrin aparıldığı məkan kimi tanınır. Foruma 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun qatılması tədbirin əhəmiyyətinin və ona olan marağın təzahürüdür. Bu həm də həqiqətin, reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımdan xeyli önəmli hadisədir. Belə ki, işğaldan azad edilmiş Şərqi Zəngəzura və Qarabağa gələn xarici media nümayəndələri uzun illər ermənilərin orada törətdiyi bütün vəhşilikləri, dağıdılmış şəhərləri, kəndləri öz gözləri ilə görür, real vəziyyəti dəqiq və dürüst şəkildə dünyaya çatırırlar. Bu da, sözsüz ki, ermənilərin və onun havadarlarının bütün yalanlarını, bölgə ilə bağlı dezinformasiyalarını alt-üst edir”.

 

Pravda.az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

 

Onun sözlərinə görə, dövlətimizin başçısı cənab İlham Əliyevin Forumun açılış mərasimində iştirak etməsi, yerli və xarici jurnalistlərin suallarını cavablandırması bir daha göstərdi ki, o, hər zaman mətbuata açıqdır, bu sahənin inkişafına hərtərəfli dəstək olur: “Əbəs yerə deyil ki, bu gün Azərbaycan mətbuatı hərtərəfli inkişaf edib, ölkəmizdə 5 mindən çox media subyekti fəaliyyət göstərir. KİV-lərə birdəfəlik yardımların verilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, həmçinin media mənsublarına fəxri adların verilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə göstərilən qayğının bir hissəsidir. Eləcə də jurnalistlərin mənzillə təmin olunması, qəzet və jurnalların nəşriyyata olan borclarının silinməsi ölkəmizdə mətbuata olan dəstəyin bariz nümunələridir”.

 

“Jurnalistlərin müxtəlif məzmunlu suallarına özünün dərin biliyi, geniş zəkası, dəmir məntiqi və tutarlı arqumentləri ilə cavab verən Prezident İlham Əliyev istər bölgədə, istər regionda, istərsə də dünyada baş verən prosesləri hərtərəfli şərh etdi, Azərbaycanın dünyada yerini və rolunu göstərdi və əhəmiyyətini anlatdı. Sübut etdi ki, ölkəmiz dünya üçün son dərəcə vacib ölkə və etibarlı tərəfdaşdır, həmçinin sülh və sabitliyin tərəfdarıdır. Təbii ki, ölkəmiz bütün bu uğurlara Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində imza atıb. O, ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etdi, səmərəli layihələr həyata keçirdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi. Məhz onun rəhbərliyi ilə yenilməz Ordumuz 30 illik işğala son qoyaraq xalqımızı məğlubiyyət girdabından qurtardı, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olundu. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan layihələrin önəmi bu gün daha aydın görünür və Avropanın üzləşdiyi enerji böhranında xilaskar rolunu oynayır. Həmçinin Qoşulmama Hərəkatının sədri olaraq cənab İlham Əliyevin gördüyü işlər, sərgilədiyi ədalətli mövqe beynəlxalq ictimaiyyətin gözündə onu lider şəxsiyyətə çevirib. Odur ki, dövlətimizin başçısı istənilən mövzulu regional və beynəlxalq təşkilatların tədbirlərinə dəvət olunur, rəy və təklifləri alınır, əsasən dünyanın gələcəyi ilə bağlı çıxışları və irəli sürdüyü təşəbbüsləri maraqla qarşılanır. Prezidentimizin Şuşa Qlobal Media Forumunda iştirakı da dünya mediasının diqqət mərkəzindədir, çıxışının əsas məqamları ilə bağlı yazılar dərc olunur, qiymətli fikirləri təhlil edilir”, - Milli Məclisin deputatı deyib.

 

AHİK sədri əlavə edib ki, Şuşa Qlobal Media Forumunda rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlərlə bağlı aparılan müzakirələr, irəli sürülən təkliflər və gəlinən qənaət dünya mediasının inkişafına mühüm töhfələr verəcək.

Xəbərlər