Siyasət 28 Mart 2024, 15:42 | Baxış sayı: 84
“Aİ-Ermənistan-ABŞ müştərək konfransı ikili standartların davamıdır”

Aprelin 5-də baş tutacaq Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı, təbii ki, regionun gələcəyi üçün yaxşı heç nə vəd etmir, uzun müddətdir davam edən ikili standartların, qərəzli yanaşmaların bilavasitə davamıdır. Ümumiyyətlə, bütün proseslərin sülhə doğru istiqamət aldığı bir məqamda Aİ və ABŞ-nin xoş olmayan belə bir məramı, sözsüz ki, başa düşülən deyil. Əslində onlar nümayiş etdirdikləri belə tərzlərlə regionda sülh prosesini əngələyirlər”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Əgər istər Avropa İttifaqının, istərsə də ABŞ-nin bu məsələdə niyyəti təmizdirsə, daha yaxşı olar ki, ilk dəfə Azərbaycanın ortaya atdığı ədalətli sülh prosesini dəstəkləsinlər, eləcə də Ermənistanı buna sövq etsinlər. Amma, təəssüflər olsun ki, belə pozucu, bölücü addımlar yalnız gərginliyə səbəb olur, münasibətlərin normallaşmasına maneə törədir. Həm də 30 il davam etmiş münaqişə dövründə əsasən susqunluğu ilə yadda qalan, hər şeyi Minski qrupunun üzərinə atan dövlətlərin və təşkilatların bu gün əl-ayağa düşməsi də maraq doğurur. Əgər bu məsələdən bugünkü qədər narahatlıq keçirirdinizsə, bəs niyə 30 il ərzində əlinizdə hər cür imkan, eləcə də BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi ola-ola bir iş görmədiniz. Sizin bu işdə nə qədər “ədalətli” olduğunuz bu rakursdan daha aydın görünür”, - AHİK sədri bildirib.

demokrat.az

Xəbərlər