Siyasət 26 Sentyabr 2023, 15:53 | Baxış sayı: 133
"Şuşa Bəyannaməsi ilə vahid güc kimi çıxış edən Azərbaycan və Türkiyə bütün mümkün ssenarilərə, hətta ehtimallara belə hazırdır"

Azərbaycan-Türkiyə münasibətləri regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın yeganə qarantıdır. Bütün sferaları əhatələyən və BMT məqsədlərini təşviq edən Bakı-Ankara birliyi heç bir üçüncü dövlətin əleyhinə yönəlməsə də, bütün güc və imkanları ilə regionun təhlükəsizliyini təhdid edən istənilən güc mərkəzinin qarşısındadır.

Ən azı ötən 3 il ərzində dünya Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər konstruktiv xarakter daşıdığının, bölgəyə hansı faydalar gətirdiyinin əməli formada şahidi olub. 30 ilə yaxın bir periodda Qərbin riyakar güc mərkəzlərinin dəstəyi ilə regionda davam edən işğal faktoru, habelə separatizmlə mübarizədə ilk gündən məhz Türkiyə özünün siyasi və mənəvi dəstəyi ilə Azərbaycanın yanında oldu. Hətta Vətən müharibəsinin ilk saatlarında Ankaradan rəsmən bəyan olundu ki, hər hansı üçüncü dövlət Ermənistanın yandaşı qismində müharibəyə qatılarsa, qarşısında Türkiyəni görəcək. Bir sözlə, bölgənin yeni arxitekturasını müəyyən edərkən cənab İlham Əliyevin ən yaxın tərəfdaşı məhz cənab Rəcəb Tayyib Ərdoğan oldu. Dövlətlərin ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, daxili yurisdiksiyada olan məsələlərə qarışılmasının yolverilməziliyi prinsiplərini və ümumbəşəri dəyərləri rəhbər tutan Bakı-Ankara tandemi, nəyahət ki, yüz illər sonra Cənubi Qafqazın simasını dəyişməyə başlayıb. Türkiyə Prezidentinin Naxçıvana səfəri də bu proseslərin davamıdır.

Təbii ki, ilk növbədə səfərin təsadüf etdiyi situasiyaya, imzalanan sənədlər və Naxçıvanda reallaşdırılacaq tədbirlərə xüsusi diqqət edilməlidir. Məlumdur ki, qısa müddət öncə Azərbaycan özünün növbəti hərbi qələbəsini qazanaraq 3 ilin içində ikinci dəfə kapitulyasiyaya nail olub. Bu, eyni zamanda nəinki Cənubi Qafqaz, bütövlükdə ətraf regionda separatizmlə mübarizədə ilk və ən effektiv nəticə oldu. Lokal antiterror tədbirləri zamanı humanitar hüquq qaydalarının rəhbər tutulması, mülki əhali və obyektlərin hədəfə alınmaması, erməni sakinlərə ən yüksək səviyyədə siyasi-hüquqi və təhlükəsizlik təminatının verilməsi ilə Azərbaycan bu çərçivədə bütün mümkün beynəlxalq reaksiyaların önünü kəsdi. Beləliklə, artıq Azərbaycanla Ermənistan arasında faktiki olaraq yekun sülh üçün maneə qalmadı. Bu isə regionda münaqişə ocaqlarının qalmasında maraqlı olan bir çox Qərb dairələri üçün arzu edilməyən ssenari idi və Fransa Prezidentinin tələsik reaksiyası da məhz bu prizmadan qiymətləndirilməlidir. Azərbaycan və Türkiyə liderlərinin Naxçıvan təmasları, Naxçıvandan regiona sülh mesajları isə artıq bölgə üçün yeni bir dövrün başladığını, qeyri-region dövlətlərin əks cəhdlərinin heç bir mənasının qalmadığını göstərdi. Cənab Ərdoğanın da çıxışının məzmununda ifadə olunduğu kimi, “Azərbaycanın qələbəsi ilə bölgədə yeni pəncərə açılıb və Ermənistan səmimi şəkildə davranmalıdır”. Biz regionun sülh perspektivlərinə inanırıq, eyni zamanda Şuşa Bəyannaməsi ilə vahid güc kimi çıxış edən Azərbaycan və Türkiyə bütün mümkün ssenarilərə, hətta ehtimallara belə hazırdır. Naxçıvanda Bərpa-istehsalat hərbi kompleksinin açılışı da göstərir ki, nə qədər güclü olsaq da, biz daha da güclü olmaq əzmində və imkanındayıq, zaman isə Azərbaycan-Türkiyə birliyinin lehinə işləyir.

demokrat.az

Xəbərlər