Siyasət 2 Avqust 2023, 15:07 | Baxış sayı: 125
“Surət rəhmətə gedib, amma onu düşmən olmayan tərzdə qavraya bilmirəm”

“Surət Hüseynov gözümün qabağına heç vaxt tək gəlmir - Əli Ömərov, Nemət Pənahlı, Gəncənin Bakıya qarşı qoyulması, qiyam qaldırılması... Nə gizlədim? Surət rəhmətə gedib, amma onu düşmən olmayan tərzdə qavraya bilmirəm. O, çox böyük düşmən idi. Ancaq mərdi qova-qova namərd edənlər də var idi. Axı Surət Hüseynov, elə Gəncə ləhçəsi ilə desək, “cıqan” bir adam idi - “kəsərəm”, “doğrayaram”, “asaram...” Əbülfəz bəy, necə olur ki, sən bunu Baş nazirin müavini, səlahiyyətli nümayəndə təyin edirsən, Milli Qəhrəman adı verirsən, korpus komandiri edirsən, sonra da düşmən kimi yanaşıb müəyyən oyunlara daxil edirsən? Surət Hüseynov da bu oyunlara girmək məcburiyyətində qaldı, yəni Azərbaycanın Roqozini oldu. Hətta Baş nazir vəzifəsinə kimi gələ bildi. Hakimiyyətdə iki ilə yaxın qaldı. Ancaq xalqın əksəriyyətində Surətə heç vaxt rəğbət olmadı”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Surət Hüseynov Yevlax yun kombinatının direktoru idi. Bəlkə də, yaxşı kommersiya qura, münasibət yarada, işçiləri dolandıra bilirdi. Özü də yaxşı varlanmışdı. Bu istiqamətdə şəxsi uğuru da ola bilərdi. Halbuki mən nəinki milyonlarla dövriyyəsi olan alveri bəyənmişəm, heç bir manat olanı da bəyənməmişəm. Həmişə uzaq olmuşam, alver məsələlərini qəbul etməmişəm. Surət isə özünə başqa cür həyat qura bilərdi. Onu siyasi meydana gətirən məhz bizim hakimiyyət oldu. Ağrısını da çəkdik. Bütün Azərbaycan xalqı bu oyunun qurbanı oldu. Surət Hüseynov qiyamına kimi xalqda inam var idi, insanlar bir-birinə inanırdı, ideyaya inanırdı, qiyamdan sonra isə bütün bunlar sındı. Çox təəssüf ki, layiq olmayan insanları qəhrəman səviyyəsində görə bildik. İndi də bəzən görə bilirik. Buna görə də Surət Hüseynova birmənalı münasibətin olmamasını doğru hesab edirəm. Nə deyim?! Yenə də özümdə qüvvə tapıb deyirəm ki, Allah rəhmət eləsin...”

pravda.az

Xəbərlər