Siyasət 17 Aprel 2023, 17:02 | Baxış sayı: 173
"Sülhməramlıların Qarabağdakı "bacarıqlı" əsgər və zabitlərinə Rusiyanın özünün daha çox ehtiyacı var"

"Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ regionunun erməni sakinlərini açıq formada döyüşə hazırlaması 10 noyabr bəyanatının və kontingentin missiyasının kobud surətdə pozulmasıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. 

Deputat bildirib ki, Rusiyadan olan əsgərlərin bu təxribatları eyni zamanda başlanmış reinteqrasiya prosesinə dağıdıcı təsir edərək, bölgədə separatizmə açıq dəstək hesab edilməlidir:

"Sirr deyil ki, sülhməramlılar bu tip təxribatları ilk dəfə törətmirlər. Bildiyiniz kimi, daha əvvəl təxribatçı səfərlər, torpaq yollarla Qarabağa silah-sursat və şəxsi heyətin daşınması kimi xoşagəlməz faktlara etirazımızı bildirmişdik. Lakin rus əsgərləri özlərini sülhməramlı yox, separatizm yanlısı kimi göstərməyə davam etməklə göstərirlər ki, onlar regionda gərginliyin azalmasında maraqlı deyillər. 

Digər tərəfdən, sülhməramlılar başa düşməlidir ki, bu kimi özfəaliyyəti ilə həm də indiki həssas durumda, təklənmiş vəziyyətdə olan Rusiyanın Azərbaycanla münasibətlərinin ruhuna zidd davranmaqla Moskvanın Qafqazdakı mövqelərinə zərbə vururlar". 

Deputat qeyd edib ki, Rusiya Müdafiə və Xarici İşlər nazirlikləri məsələyə münasibət bildirməli, sülhməramlı kontingentin aidiyyəti heyəti və komandanlığını cəzalandırmalıdır: 

"Sülhməramlıların Qarabağda separatçılara döyüş vərdişləri aşılayan "bacarıqlı" əsgər və zabitləri isə hərbi istedad və bacarıqlarını nümayiş etdirmək üçün dərhal Rusiyanın özünün daha çox ehtiyac duyduğu zonalarına göndərilməlidir. Zatən onların bu tip davranışları Qarabağ iqtisadi zonasında etimad mühiti və reinteqrasiya prosesinə ciddi maneəyə çevrilməkdədir.  

Ermənilər isə başa düşməlidir ki, təcavüzkar niyyətləri onları məhvə aparır və sülhməramlılar başda olmaqla heç kəs cənab İlham Əliyevin Şuşadan da bəyan etdiyi kimi, onları xilas etməyəcək".

Xəbərlər