Siyasət 1 Sentyabr 2023, 17:17 | Baxış sayı: 74
"Sülhdən o zaman danışa bilərik ki, qondarma rejim ləğv olsun"

"Nə qədər ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb, bir o qədər də müharibə riski var deməkdir".

 

Bu fikirləri açıqlamasında millət vəkili Hikmət Babaoğlu Ermənistanın bugünkü təxribatını şərh edərkən deyib.

 

Deputat bildirib ki, hazırkı vəziyyətdə Ermənistan Azərbaycanla yeni müharibəyə cəsarət edə bilməz:

 

"Azərbaycan məhz sülh istəyərək müharibəyə hazır olmağı bacarır. Mən bu səbəbdən hesab etmirəm ki, hazırkı vəziyyətdə Ermənistan Azərbaycanla yeni müharibəyə cəsarət etsin. Çünki Azərbaycanın gücünü, Azərbaycan Ordusunun nələrə qadir olduğunu bilir. Bugünkü Azərbaycan Ordusu hətta 2020-ci ildə böyük tarixi zəfər əldə edən Azərbaycan Ordusundan daha güclüdür. Ermənistanda hərbi ekspertlər də, erməni havadarlar da vəziyyətin belə olduğunu bilirlər və hər kəsi məlumatlandırırlar. Buna görə də əlbəttə ki, bu müharibə anonsu hesab edilə bilməz. Amma bütün hallarda bu təxribat bir daha Ermənistanın sülhə qarşı olduğunu göstəricisidir. İstər Qarabağda, istərsə də Azərbaycan-Ermənistan sərhəddində bu cür təxribatların törədilməsi bu dəfə də Ermənistanın hələ sülhə hazır olmadığının sübutudur. Biz sülhdən o vaxt danışa bilərik ki, Qarabağdakı qondarma erməni rejimi özünü buraxsın, Azərbaycan ərazisindən erməni terrorçuları çıxarılsın, sülh müqaviləsi imzalansın. Yalnız bunlar baş verərsə, biz üfüqdə sülhü görə bilərik. Lakin indiki halda düşünürəm ki, bu təxribatdır, müharibə anonsu deyil. Anons olarsa, Ermənistan Azərbaycanın və ordunun nəyə qadir olduğunu çox yaxşı bilir".

AZXEBER.COM

Xəbərlər