Siyasət 10 Oktyabr 2023, 16:47 | Baxış sayı: 241
"Sülhə gedən ən kəsə yol Gürcüstandır"

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstünda işgüzar səfərdə olub. Səfər çərçivəsində İlham Əliyev bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Görüş zamanı çıxış edən ölkə başçısı vurğulayıb ki, Ermənistan razıdırsa, tezliklə Gürcüstanda görüşlər keçirilə bilər.

“Tarixi əlaqələri və coğrafi faktoru nəzərə alaraq, Gürcüstan vasitəçlik rolunu oynayacaq ən düzgün seçim olardı. Əgər Ermənistan razıdırsa, biz bu görüşlərdə iştiraka hazırıq”,- deyə prezident vurğulayıb.

Ölkə başçısının bu çıxışı ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu danışdı.

O, bildirdi ki, Azərbaycan prezidenti əslində Cənubi Qafqazda üçtərəfli görüş formatı ideyasını irəli sürdü:

"Bu, çox vacibdir. Çünki artıq müharibə 3 ildir bitsə də, hələ Ermənistan və Azərbaycan arasında sülh əldə etmək mümkün olmayıb. Bunun bir səbəbi də sülh danışıqlarında vasitəçilik təşəbbüsü ilə çıxış edən tərəflərin sülh prosesində öz maraqlarını irəli sürmələridir. Çünki hər bir vasitəçi bu və ya digər formada Ermənistan və Azərbaycan arasında bağlanacaq mümkün sülh prosesində öz maraqlarını diqtə etməklə sülhün əldə olunmasına mane olublar. Bir növ rəqabət formalaşıbdır, yəni yaxşı mənada deyil, pis mənada bir rəqabət var. Tutaq ki, sülh üçün bu vaxta qədər mövcud olan formatlarda - Brüssel formatında, Praqada, Vaşinqtonda o cümlədən Moskvada keçirilən görüşlərdə hər bir tərəf özünün maraqlarını da sülh prosesinin əldə olunmasına bir növ əlavə etməklə, sülhün əldə olunmasını mümkün etməyiblər. Ona görə mən düşünürəm ki, Azərbaycan prezidentinin Tbilisidə səsləndirdiyi fikir bir növ vasitəsiz görüş kimi də nəzərdə tutulur. Çünki Azərbaycan Prezidenti qeyd etdi ki, həm ikitərəfli, həm üçtərəfli görüşdə iştirak etməyə hazırıq. İkitərəfli görüş o deməkdir ki, Gürcüstan sadəcə ev sahibliyi edir və Azərbaycanla Ermənistan ikitərəfli görüş keçirir və düşünürəm ki, bu, ən məqbul, sülhə doğru aparan ən düzgün yoldur. Üçtərəfli görüşdə də yenə Gürcüstan Cənubi Qafqaz ölkəsi kimi neytral mövqedən çıxış edir, Ermənistan və Azərbaycan tərəfləri öz aralarında sülhlə bağlı razılığı əldə edirlər. Bu, ən optimal, ən doğru və sülhə gedən ən kəsə yoldur. Düşünürəm ki, Ermənistan bu şansı qaçırtmamalıdır".

Mənbə: redaktor.az

Xəbərlər