"Sui-qəsd günü təsadüfi seçilməyib"
Fazil Mustafaya qarşı törədilən hadisə terror aktıdır.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, sui-qəsd olayı planlı şəkildə həyata keçirilib:
"Bu hadisə əvvəldən düşünülmüş, məqsədyönlü şəkildə tərtib edilmiş terrordur. Şübhəsiz ki, hədəf təkcə Fazil Mustafa deyil. Hədəf həm də Fazil Mustafanın təmsil etdiyi dövlət və cəmiyyətdir. Həmkarım Fazil Mustafa daim dövlət maraqlarımızı qoruyan çox fəal deputatlardan biri olub. Terrorun hansı şəraitdə törədilməsi, necə təşkil olunması, hansı silahdan istifadə edilməsi, kimlər tərəfindən həyata keçirilməsi araşdırılır. Əlbəttə, "Kalaşnikov"un vətəni bizə bəllidir. Terror törədənlərin üslubu da bizə məlumdur. Bir müddət əvvəl bizim diplomatlarımıza qarşı törədilən terrorun bu gün Azərbaycanın paytaxtında təkrarlanması şübhələrini insanların ağlına gətirir. Müxtəlif versiyalara bağlı hüquq-mühafizə orqanları araşdırma aparıb, hadisəyə dəqiq qiymət verəcəklər".
Deputatın sözlərinə görə, Azərbaycanda terror planlaşdıranlar məqsədinə çatmayacaq: "Bütün hallarda hədəf Azərbaycan cəmiyyəti və dövlətidir. Ancaq terroru törədənlər öz məqsədlərinə çatmayacaq. Bu cür ictimai xof yaratmaqla, vətəndaşı öz ölkəsində təhlükədə hiss etdirməklə məqsədlərinə çatmaları mümkün deyil. Çünki Azərbaycan xalqı mübariz, qətiyyətli xalqdır. Xalqımız əzmkar mübarizəsini bundan sonra da davam etdirəcək. Eyni zamanda bu gün xüsusi xidmət orqanlarının yüksək peşəkarlıqla keçirdiyi əməliyyatlar görünür bəzi ölkələrin, xarici dairələrin diqqət mərkəzindədir. Çünki Azərbaycana qarşı həyata keçirilən ideoloji terrorun, kibercinayətkarlığın, hərbi terror mexanizminin qarşısının alınması üçün çox uğurlu əməliyyatlar həyata keçirirlər. Bu gün həm də bizim təhlükəsizlik xidmət orqanlarının peşə bayramıdır. Gün təsadüfi seçilməyib. Bunların hamısı versiya kimi nəzərdən keçirilir. Əminik ki, müvafiq qurumlarımız qısa zamanda ən doğru versiyanı cəmiyyətə təqdim edəcək. Bununla yanaşı, terrorun arxasında duranları ifşa edəcək".
Qeyd edək ki, martın 29-u axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa qarşı sui-qəsd olub. O, evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib.