Cəmiyyət 22 İyun 2021, 19:32 | Baxış sayı: 373
"Statistikalara görə, peyvəndləndikdən sonra immun cavab yaranan insanlar arasında həyatını itirənlərin sayı demək olar ki, sıfıra yaxındır".

Rusiyada virus təhlükəsinin gündən-günə artığı deyilir. Rəsmi xəbərlərə görə, xəstəxanalar dolub, dəhlizlərə çarpayılar düzülüb. Qonşu ölkədə koronavirus infeksiyasına yoluxan xəstələrin 70 faizində, təkcə Moskvada isə 90 faizində Hindistan ştammı (Delta ştammı) aşkar edilib.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov müsahibəsində yeni yaranmış ştammların təhlükəsindən danışıb. Həkim qeyd edib ki, heç bir ölkə bu təhlükədən sığortalanmayıb.

- Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkədə COVID-19-la bağlı vəziyyət çox pisdir. Koronavirusun yeni növlərinin vəziyyəti gərginləşdirdiyi qeyd olunub. Rəşad bəy, Rusiya ilə qonşu olduğumuzu nəzərə alsaq, Azərbaycanı hansı təhlükə gözləyir?

- Əlbəttə ki, epidemioloji vəziyyətin istənilən ölkədə kəskinləşməsi dünyanı narahat edir, Rusiya da istisna deyil. Əfsuslar olsun ki, infeksion xəstəliklərdə virus sərhəd tanımır, qısa müddət içərisində ətraf ölkələrə yayılma ehtimalı mövcuddur. Yay aylarında virusun yeni mutasiyalarının yenidən insanlıq üçün təhlükə yaratmaq həqiqəti ilə üz-üzəyik. Bugünkü yoluxma səviyyəsinə baxıb arxayınlaşmaq olmaz. İnsanlara üz tutaraq onu deyə bilərəm ki, dünyada pandemiya ləğv olunan günə qədər hər birimiz çevrəmizdəki insanlarla birlikdə epidemioloji vəziyyətin bizə diktə etdiyi reallıqlara uyğun həyat tərzi keçirmək məcburiyyətindəyik. Bu, hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacib olduğu qədər, cəmiyyətin və sevdiklərimizin həm sosial, həm mədəni, həm də iqtisadi varlığının davam etdirilməsinə böyük bir töhfə verəcək. Bu yolda hər kəsə təhlükəsiz və qorxusuz həyat arzulayıram.

Peyvənd olunan insanlar xəstəliyi necə keçirir? Araşdırmalar bu mövzuda nə deyir?

- Aparılan tədqiqatlar və bu günə qədərki müşahidələr onu göstərir ki, peyvənd olunan insanlar yoluxsa belə, onların xəstəxanalara düşmə riski dəfələrlə azalır. Xəstəxanalara düşənlərin ağırlaşma dərəcələrinin də dəfələrlə azaldığı göstərilir. Statistikalara görə, peyvəndləndikdən sonra immun cavab yaranan insanlar arasında həyatını itirənlərin sayı demək olar ki, sıfıra yaxındır. Bu da o deməkdir ki, peyvənd tam qoruyucu ola bilməsə də, epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasına birbaşa təsir edir.

Ən əsası, yoluxma və yayılmanın artdığı dönəmlərdə insanların xəstəxanaya düşmə, reanimasiyalarda ağırlaşaraq həyatını itirmə ehtimalı azalmaqdadır. Hər kəsi fürsətdən istifadə edərək peyvəndləmə prosesində aktiv iştirak etməyə dəvət edirəm. Bu, cəmiyyətin sağlamlığının qorunması baxımından vacib olan həmrəylik hadisəsidir.

"Xəstəliyi keçirənlərin yeni ştammlara yoluxma riskini necə qiymətləndirirsiniz?" sualına cavab olaraq isə, deputat "Daha əvvəl bu xəstəliyi keçirənlərin, eləcə də peyvənd olunanların yeni ştammlara yoluxma riskinin nə olacağı haqqında konkret fikir söyləmək mümkün deyil. Amma bu günə qədərki tibbi məlumatlara görə, xəstəlikdən və peyvənddən 6 ay keçməyibsə, insanlar yeni ştammlara yoluxsa, xəstəliyi daha yüngül keçirmə ehtimalı yüksəkdir. Aparılan tədqiqatların nəticələrinə görə, hər nə qədər yeni ştammlar əmələ gəlsə də, koronavirusun bütün ştammlarına qarşı olmasa belə, yaxın qoruyuculuq var". cavabını verdi

Həm xəstəliyi keçirib, həm də vaksin vurduran insanlarda antikor səviyyəsinin daha yüksək olduğu haqqında məlumatlar yayılıb.

- Bununla bağlı müşahidələr var. Lakin bu müşahidələr zaman içində elmi tədqiqatlarla sübuta yetirildikdən sonra konkret bir söz deyə bilərik. Tibbi reallıqlar və məntiq onu göstərir ki, xəstələnsək belə, 6 ay keçdikdən sonra yenidən vaksinlənmə ştammın növündən asılı olmayaraq xəstəliklə qarşılaşdığımız zaman yoluxma ehtimalını da azaldır. Eləcə də yoluxma təkrarlanarsa, ağırlaşma riskini dəfələrlə azaldır.

Xəbərlər