Siyasət 24 İyun 2023, 15:43 | Baxış sayı: 91
“Sərhədlərimizdən istifadə edərək Azərbaycanda terror əməliyyatlarının törədilmə ehtimalları böyükdür”

“Baş verən proseslər bunu deməyə əsas verir ki, Azərbaycanın quru sərhədlərinin açılması hələ real görünmür. Pandemiya dövründə və pandemiya dövründən sonra xarici təhdidlərin çoxluq təşkil etməsi bunu mümkün etmədi. Hazırda da təhdidlər azalmayıb. Baxmayaraq ki, 44 günlük Vətən müharibəsində Azərbaycan qalib gəldi, öz torpaqlarını işğaldan azad etdi, ancaq hələ də Ermənistanla sülh imzalanmayıb. Bununla yanaşı, sərhədlərimizdən istifadə edərək Azərbaycan ərazilərində terror əməliyyatlarının törədilmə ehtimalları böyükdür. Yaxın qonşularımızda baş verən prosesleri də diqqətlə izləməliyik. Rusiyada baş verənlər də göz önündədir. Stabillik tam təmin olunduqdan, təhdidlər tam aradan qaldırıldıqdan sonra quru sərhədlərimizin açılmasının şahidi ola bilərik”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, quru sərhədlərinin açılmaması vətəndaşların xaricə səfərinə, istirahət etmələrinə müəyyən dərəcədə maneə törətsə də, daxili turizmin inkişafına çox böyük təkan verib: “Daxili turizmlə məşğul olan iş adamlarından xahiş edirəm ki, bunu fürsət bilib, qiymətləri qaldırmasınlar. Anlasınlar ki, bütün vətəndaşlar istirahət etmək istəyir. Aidiyyatı qurumlara da daxili turizm bazarında fəaliyyət göstərən sahibkarların işinə nəzarəti gücləndirmələrini tövsiyə edirəm. Bacardığımız qədər çalışmalıyıq ki, bütün məsələlərdə insaflı olaq, vətəndaşları düşünək, xalq, dövlət və lider birliyini qoruyub-saxlayaq. Xarici təhdidlərin aradan qalxması, bütün problemlərin həll olması üçün dövlətimizin yanında olaq”.

Xəbərlər