Plenar iclaslar 17 Fevral 2023, 18:12 | Baxış sayı: 145
“Sərbəst vəsaitləri aktiv formada investisiyaya yönəltmək lazımdır”

Milli Məclisin iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi üçün müvafiq olaraq “Sosial sığorta haqqında” və “İşsizlikdə sığorta haqqında” qanunlara dəyişikliklər müzakirəyə təqdim edildi.

Musavat.com xəbər verir ki, deputat Elnur Allahverdiyev çıxışında dəyişiklikləri sabit iqtisadiyyatın göstərici kimi dəyərləndirdi.

Bildirdi ki, layihədə əksini tapan hər iki dəyişiklik ölkəmizdəki iqtisadi mühitin dayanıqlığı və sabitliyindən xəbər verir: “Bu kimi yeniliklər dövlətin gəlir və xərclərinin optimal idarəedilməsinə gətirib çıxaracaq. Sərbəst vəsaitlərin investisiyaya yönəldilməsindən əldə olunan gəlir bir sıra məsələlərin maliyyəşdirilməsində istifadə olunacaq ki, bu da ən sonda vətəndaşın rifah halına müsbət təsir edəcək mühüm faktor kimi qiymətləndirilməlidir”.

 E.Allahverdiyev dedi ki, sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi dünya təcrübəsində mövcud praktikadır və əsas etibarilə dövlətin iqtisadi gücü, sabit iqtisadiyyata malik olması amilindən bəhrələnir: “İnkişaf etmiş ölkələrdə adətən sərbəst pul vəsaiti olmur, olduqda isə onun həmən investisiyaya yönəldilməsi aksiomadır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumətimizin uğurlu siyasəti, xüsusilə də post-pandemiya dövründən etibarən iqtisadiyyatın diversifikasiyası üçün görülən tədbirlərin intensivləşdirilməsi, real iqtisadiyyata hədəflənmə və bu istiqamətdə qazanılan ciddi uğurlar, dövlət büdcəsinin xammal ixracından əldə edilən gəlirlərdən asılılığının azaldılması yönündə izlənilən mühüm nailiyyətlər sözügedən qanunlardakı müvafiq dəyişiklikləri həm məntiqi edir, həm də bunun gerçəkləşdirilməsi üçün münbit şərait yaradır”. 

Deputat dedi ki, bu dəyişikliklərlə bağlı təmsil olunduğu komitədə də geniş müzakirələr aparılıb: “Sadə dillə desək, sərbəst vəsaitləri passiv şəkildə saxlamaq deyil, aktiv formada investisiyaya yönəltmək lazımdır”.

Xəbərlər