Plenar iclaslar 15 Mart 2024, 15:01 | Baxış sayı: 63
"Xarici investorların Azərbaycana marağı artır"

Xarici investorların Azərbaycan iqtisadiyyatına marağı getdikcə artır.

Bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatında bildirib.

Onun sözlərinə görə, bu maraq tək neft-qazı deyil, fərqli sahələri, məsələn, bərpa olunan enerji mənbələrinin istismarı, logistika, kənd təsərrüfatını da əhatə edir: "Bu, hökumətin uğurlu fəaliyyəti nəticəsində əlverişli investisiya ab-havasının yaradılması deməkdir. Bunun təsdiqi kimi tək bir faktı - Azərbaycanda bu il 205 xarici investisiyalı müəssisəsinin dövlət qeydiyyatından keçməsini qeyd etmək kifayətdir".

Deputat qeyd edib ki, iqtisadiyyata investisiya yatırımı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% artıb: "Burada da qeyri-neft-qaz sektorundakı vəziyyət ürəkaçandır. Bu sferaya yatırılan investisiyanın məbləğində 17 % artım var. Biz müşahidə edirik ki, dövlət kapitalı ilə yanaşı özəl investisiyanın da payının artımı baş verir. Bu münbit işgüzarlıq mühitinin formalaşmasının və kapitalın dövlət təminatına etibarının əlamətidir".

Bundan başqa, onun sözlərinə görə, son 1 ildə ölkədə orta aylıq əmək haqqı 10 % artıb, 2 ay ərzində hər nəfərə düşən ÜDM-in dəyəri 1 800 manatdan çox olub.: "Sosial sferada ciddi nəticələr qeydə alınır. İlin ilk iki ayında pensiya ödənişlərində 14 %, müavinət ödənişlərində 6 %, təqaüd ödənişlərində 2 % artım var".

Xəbərlər