“Soyqırım qurbanlarının ruhu ədalətin bərpasını gözləyir”
Xəbər verdiyimiz kimi, bu gün Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan şəxs Ermənistana getmək istəyərkən sərhədçilərimiz tərəfindən Laçında saxlanılaraq istintaqa təhvil verilib. Meşəli soyqırımının iştirakçılarından biri olan Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılmışdır.
Mövzu ilə bağlı açıqlama verən millət vəkili Asim Mollazadə digər hərbi cinayətkarların da gec-tez məsuliyyətə cəlb olunacağına əminliyini ifadə edib.
“Beynəlxalq mütəxəssislərin iştirakı ilə xalqımıza qarşı törədilən bütün cinayətlər araşdırılmalıdır. Hər bir hərbi cinayətkar öz cəzasını almalıdır. Bunu bizdən həyatını itirmiş vətəndaşlarımızın ruhu tələb edir. Biz hər bir hərbi cinayətkarı ədalət məhkəməsinə cəlb etməliyik.
Xalqımıza qarşı hərbi cinayətlər törədən şəxslərin siyahısı çox uzundur. Onların hamısı öz cəzasını almalıdır. Köçəryanların, Sərkisyanların, Ohanyanların hamısı hərbi cinayətkarlardır. Onlar xalqımıza qarşı ağır cinayətlər törədiblər. Biz xalqımıza qarşı hərbi cinayətə yol verənləri məsuliyyəət cəlb etmək üçün bütün imkanlardan istifadə etməli, İnterpol xətti ilə onların tapılaraq ölkəmizə gətirilməsini təmin etməliyik. Onların hamısını aqibəti Xaçaturyan Vaqif Çerkezoviç kimi olmalıdır və belə də olacaq!”.
moderator.az