Siyasət 12 Fevral 2024, 16:38 | Baxış sayı: 214
“Ermənistan öz aləmində müharibəni davam etdirir”

Xəbər verdiyimiz kimi Ermənistan işğaldan azad edilmiş ərazilərdəki minalanmış sahələrə dair 8 formulyarı Azərbaycana təqdim edib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə təqdim olunan formulyarlar, əsasən, Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir: "Lakin, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib”, məlumatda bildirilir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib. Ermənistan hər dəfə mina xəritələrini əksiksiz və dəqiq təqdim etməkdən yayınır. 

Milli Məclisin deputatı politoloq Asim Mollazadə açıqlamasında qeyd edib ki, Ermənistanın işğal dövründə ərazilərimizi minalaması onun terror əməllərinin sübutudur:

“Azad edilmiş ərazilərimizdə bir milyon yarımdan çox mina və partlamamış hərbi silah-sursat aşkarlanıb. Bu, Ermənistanın terror siyasətinin tərkib hissəsidir. Ermənistanın indi də, bundan öncə də təqdim etdiyi xəritələr real vəziyyəti əks etdirmir. Bununla Ermənistan öz aləmində müharibəni davam etdirir. 

Azərbaycanda dəfələrlə beynəlxalq səviyyədə bu məsələni qaldırıb, amma beynəlxalq müstəvi mövcud deyil. Təəssüf ki, ikili standartlarla üzləşməyə davam edirik. Beynəlxalq hüquqa hörmət yoxdur.

Beynəlxalq təşkilatlar öz prinsiplərinə, nizamnamələrinə əməl etmir, bunun əksini ifadə edən qərarlar qəbul edir. Bu da dünyada yeni münaqişə ocaqlarının, müharibələrin yaranmasına səbəb olur.

Beynəlxalq təşkilatların öz nizamnamələrinə zidd hərəkət etməsi dünyadakı vəziyyəti daha da gərginləşdirir”.

demokrat.az

Xəbərlər