Siyasət 9 Noyabr 2022, 13:02 | Baxış sayı: 253
"Soydaşlarımız Göyçə, İrəvan kimi tarixi Azərbaycan torpaqlarına qayıdacaqlar"

“Azərbaycan Prezidentinin həyata keçirmiş olduğu “Qarabağımızı dirçəldək” siyasəti bu gün uğurla davam etdirilir. Bir milyona yaxın el-obasından didərgin düşmüş soydaşımızın yurd-yuvasına qayıtması üçün Qarabağ yenidən inşa edilir. Qarabağın öz sahiblərinə qaytarılmasının bütün dünyaya bəyan edilməsiylə bağlı çox ciddi addımlar atılır. Zəngilandakı Ağalı kəndinə köçün başlamasını Qarabağımıza, Zəngəzurumuza qayıdışın təməl daşı kimi qiymətləndirməliyik. Gələcəkdə qədim Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur, İrəvan və digər ərazilərə soydaşlarımızın qayıtma imkanı olacaq. Bu istiqamətdə Azərbaycan dövləti addımlar atır”.

 

Bu sözləri Oxu.Az-a müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Ramil Həsən deyib. Millət vəkili Azərbaycanın atdığı addımların hamısının beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olduğunu vurğulayıb.

 

Müsahibəni təqdim edirik:

 

- Ramil bəy, Zəfərimizin ikinci ildönümüdür. Qələbə yolunda 2908 şəhid vermişik. Hazırkı təəssüratlarınız nədən ibarətdir?

 

- Bu gün Azərbaycan xalqının, qəlbi Azərbaycanla döyünən, Azərbaycanın qüdrətindən ilham alaraq sevinən dünya azərbaycanlılarının, bütün türk dünyasının bayramıdır. Çünki bu gün bizim Zəfər bayramımızdır. Zəfər bayramının qazanılmasında isə könüllərdə taxt quran Ali Baş Komandan və onun qəhrəman əsgərlərinin əməyi böyükdür. Bu əlamətdar hadisə daim xatırlanacaq və qəhrəman şəhidlərimiz yad ediləcək. Çünki biz 44 gün ərzində üç minə yaxın şəhid verərək qələbə çalmışıq. Azərbaycan xalqının qəhrəmanlıq dastanı gələcək nəsillər üçün daim qürur rəmzi olacaq. Mən Azərbaycan bayrağının daim göylərdə dalğalanmasını arzulayıram.

 

- Bildiyiniz kimi, torpaqlarımız 30 il işğal altında oldu, bu illər ərzində Ali Baş Komandan daim torpaqlarımıza qayıdacağımızla bağlı mesajlar verdi. Sizcə, düşməni susdurmaq üçün niyə məhz 2020-ci ili seçdik?

 

- Bu istiqamətdə həyata keçirilən hər şey, atılan bütün addımlar Azərbaycan dövlətinin xüsusi milli ideologiyasına söykənir. Məhz ona görə Qarabağın işğalı dövründə hələ dünyaya göz açmamış bugünkü Azərbaycan gəncliyi canından keçərək döyüşə atıldı və 44 günlük qəhrəmanlıq salnaməsini yazdı. Onlar milli ideologiyamızın övladlarıdır, şüurla bu yolu seçiblər. Biz 30 il ərzində milli şüurumuzla dövlət başçılarımızın ətrafında sıx birləşmişik. Ulu öndər Heydər Əliyevin siyasəti istiqamətində bütün gücümüzü ortaya qoyaraq addımlar atmışıq və nəhayət, İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad etmişik. Azərbaycan ədaləti öz gücü ilə bərpa edən bir dövlət kimi də tarixdə öz yerini qazanıb. Bu istiqamətdə, şübhəsiz ki, Azərbaycanın milli müdafiə gücü, Azərbaycan və Türkiyənin hərbi sənaye sahəsindəki əməkdaşlığı diqqətəlayiqdir. Azərbaycan və Türkiyə münasibətləri bu gün bölgədə iqtisadi layihələrin həyata keçirilməsi, enerji təhlükəsizliyinin təmin olunması, türk dünyası ilə birlik və bərabərliyin gücləndirilməsində də mühüm rol oynayır.

 

- Yəni baş verən hər şey çoxillik planın nəticəsidir. Ötən 30 il ərzində darmadağın edilən Qarabağda bu gün “ağıllı şəhər”, “ağıllı kənd” layihələri icra olunur, hava limanları, dövlət qurumlarının şöbələri açılır. Bir sözlə, əsaslı yenidənqurma işləri həyata keçirilir. Sizə də bəllidir ki, ağır müharibədən çıxan bir ölkənin qısa müddətdə belə bir prosesi həyata keçirməsi elə də asan iş deyil.

 

- Bəli, 30 il ərzində düşmən torpaqlarımızı yerlə bir edib. Onlar hələ də hiyləgər əməllərindən əl çəkmirlər. Ona görə də biz nə qədər ayıq-sayıq olsaq və keçmişimizə sahib çıxsaq, bölgəyə sülhün gəlməsi, əmin-amanlığın bərpa olunması o qədər mümkün olacaq. Biz bölgədəki insanların bir-biri ilə normal münasibətlər qurması üçün dövlətimizin həyata keçirdiyi siyasətə dəstək olacağıq, ancaq Prezidentin də dediyi kimi, keçmişimizi unutmayacağıq, onu daim gənc nəsillərə təbliğ edəcəyik.

 

Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin ideoloji istiqaməti ilə bərabər digər tərəfləri də önəmlidir. Belə ki, biz milli ordu quruculuğu, ordumuzun müdafiə potensialının gücləndirilməsi, Azərbaycan və Türkiyə arasında əlaqələrinin inkişafı, strateji əlaqələrimizin müttəfiqlik səviyyəsinə qaldırılması istiqamətində ciddi addımlar atmışıq. Azərbaycan Prezidenti İlham Əliyevin bu misilsiz xidmətləri hər kəs tərəfdən böyük bir sevinclə qarşılanır. Biz unutmamalıyıq ki, Azərbaycan bölgənin gələcəyi üçün qoyulan sərmayənin təməl daşıdır. Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasını istəyirsə, əminəm ki, yaxın dövrdə bölgəmizə sülh və əmin-amanlıq gələcək.

 

- Son olaraq sülhlə bağlı fikirlərinizi bilmək istərdik. Müharibədən sonra Prezident danışıqlar masasında daim Qarabağ münaqişəsinin həll olunduğunu, tərəflər arasında sülh müqaviləsinin imzalanmasının gərəkdiyini vurğulayır. Lakin Ermənistan hər vəchlə sülhdən öhdəliklərinin icrasından yayınır. Necə düşünürsünüz, qısa zaman kəsiyində sülhə nail olacağıqmı?

 

- Müharibədən sonra Prezidentin danışıqlar masasında Qarabağ adlı bir münaqişənin olmadığını dəfələrlə bəyan edib, son olaraq Soçi görüşündə də məsələyə diqqət çəkərək Azərbaycan dövlətinin bu istiqamətdəki qəti mövqeyini ortaya qoydu. Əgər yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacaqsa, delimitasiya və demarkasiya ilə bağlı hansısa addımlar atılacaqsa, bu, Azərbaycan dövlətinin qəti iradəsi sayəsində mümkün olacaq. Ermənistandakı revanşist qüvvələr dərk etməlidir ki, onların atmış olduğu addımlar Ermənistanı uçuruma aparır. Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpa olması Ermənistana da, bölgəyə də əmin-amanlıq gətirər, Ermənistanın təhlükəsizliyinə təminat yaradar. Ona görə də yaxşı fikirləşməlidirlər. Çünki artıq bölgədə reallıqlar var. Azərbaycan və Türkiyə gücdür və bu güc hazırda sülhə, barışa, əmin-amanlığa xidmət edir. Dövlətlərimizin milli maraqlarına zərər vurmağa çalışılmadıqca bizim gücümüz bölgənin rifahına yönələcək. Amma Azərbaycan və Türkiyəyə qarşı hansısa təxribat olarsa, onlar dəmir yumruqla qarşılaşacaq.

Xəbərlər