Cəmiyyət 20 May 2021, 18:50 | Baxış sayı: 409
"Sovet dövründə də internatlar var idi və belə olan halda valideynlər övladlarını internata qoyurdular".

Millət vəkili Tahir Kərimli işləyən, tək, övladını qoymağa yeri olmayan analar üçün tək çıxış yolunu övladlarını internata həvalə etməkdə görür: "Sovet dövründə də internatlar var idi və belə olan halda valideynlər övladlarını internata qoyurdular. Həmin uşaqlar orada oxumaqla yanaşı, həm də yaşayırdılar. Valideynləri də istədikləri vaxt onları yanlarına aparırdılar. Avropa ölkələrində belə uşaqlar üçün xüsusi sığınacaqlar, yaşayış binaları, bu istiqamətdə fəaliyyət göstərən xeyriyyə cəmiyyətləri var. Yaxud da onlara himayəçi təyin olunur. Dövlət hesabına internat məktəbləri olmalıdır. Düşünürəm ki, belə qadınlar üçün ən optimal variant məhz internat məktəbləridir".

O, internat evləri ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib: "İnternat evləri ilə bağlı xoşagəlməz hallar var. Lakin bu hallar təkcə internat məktəbləri ilə bağlı deyil. Ümumiyyətlə, narkomaniya artıb, süni narkotk maddələrin yayılması da Azərbaycanda genişlənib. Bu, internat məktəbləri ilə yanaşı, təhsil ocaqları, cəmiyyətin müxtəlif sferalarına da mənfi təsir edib. Belə halların olmasının səbəbi nəzarətin, təlim-tərbiyənin düzgün qurulmaması ilə bağlıdır".

"Ağsuda doğulub-böyümüşəm, orada 4 mərtəbəli internat evi vardı. O internat məktəbi ilə bağlı heç bir nöqsan eşitməmişdim, təlim-tərbiyə, əxlaq, bir sözlə hər bir şey öz yerində idi. Orada hətta oğlanlar siqaret belə, çəkmirdi. Əsas məsələ internat evlərinə nəzarətin olmasıdır", - deyə o əlavə edib.

Mənbə: Sputnik.az 

Xəbərlər