"Sosial media üzərində troll dəstələri və saxta profillər hesabına “asıb-kəsən” “siyasi liderlərin” əslində..."
“Siyasi partiyalar haqqında” yeni Qanuna müvafiq olaraq siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət tərəfindən təsdiq edilməsi radikal cəbhə və sağlam düşüncə arasında necə dərin bir uçurum olması reallığını bir daha üzə çıxardı.
Məlumdur ki, ötən ilin dekabrında “Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonra özünü heç bir əsas olmadan birtərəfli qaydada Azərbaycanın əsas müxalifət qüvvəsi elan edənlərin təşvişi xüsusi diqqət çəkməyə başlamışdı. Radikallar yeni Qanunun mürtəce xarakter daşıması, bu normativ hüquqi aktın ölkədə “təkpartiyalı” sistemin qurulması məqsədilə hakimiyyətin təzyiq alətinə çevriləcəyinə dair çoxsaylı savadsız və məntiqsiz iddialar irəli sürür, yandaş muzdlu media isə bu çirkabı durmadan tirajlayırdı.
Qeydiyyat prosesinin gedişatında isə radikalların “narahatlığının” əslində öncədən bizə bəlli olan real mahiyyəti üzə çıxdı. Bir daha aydın oldu ki, əslində bu qaralama kampaniyasının təməlində antimilli dairələrin reallıqla üz-üzə qalmaq qorxusu dayanırmış.
Bildiyiniz kimi, "Siyasi Partiyalar haqqında" Qanunla siyasi partiyalar 6 prinsip, o cümlədən könüllülük, qanunçuluq və aşkarlıq prinsipləri əsasında, Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı tərəfindən təsis edilir. Dövlət qeydiyyatına alınması üçün isə siyasi partiyanın azı 5000 üzvü olmalıdır.
Bu reallıq özünü az qala ölkənin əsas siyasi qüvvəsi elan edən və öz yalanlarının təsirindən reallıqla əlaqələrini itirən radikal partiyaları fakt qarşısında qoydu. Təbii ki, həqiqi sosial bazisi olan siyasi qüvvə üçün bu, əsl fürsət sayılmalı idi. Amma məsələ burasındadır ki, radikal partiyalara nəinki 5 min üzvü, hətta siyasi təşkilatı təsis etmək üçün lazım olan 50 nəfəri müəyyənləşdirmək üçün 7 ay lazım oldu. 5 min üzv tələbi isə bu dairələrin ambisiyaları və potensiallarının nə qədər tərs mütənasib formada inkişaf etdiyini göstərmiş oldu. Beləliklə, sosial media üzərində troll dəstələri və saxta profillər hesabına “asıb-kəsən” “siyasi liderlərin” əslində ən azı son 20 il ərzində nəinki cəmiyyəti, hətta az sayda olan öz tərəfdaşlarını da aldatdıqları üzə çıxdı. Yalanların ifşası isə, heç şübhəsiz ki, real nəticələrə yol açacaq və bu partiyaların da parçalanması artıq labüddür. Xüsusən də, demokratik dəyərlərdən danışan bu adamların əslində partiya daxilində qurduğu tiraniya fonunda könüllülük, qanunçuluq və aşkarlıq prinsiplərinin “liderlərin” zaman ötdükcə artan hərisliyi nəticəsində daha da arxa plana keçməsi şəraitində.
Eyni zamanda qeydiyyat prosesi bir daha göstərdi ki, illər ərzində qərəz, iftira dolu çıxışlardan və populist bəyanatlardan savayı heç bir əsaslı iş görməyən bu “siyasətçilər” əslində adi hüquqi və inzibati prosedurlardan keçməkdə belə çətinlik çəkirlər. Baxmayaraq ki, qanunvericiliklə müəyyən edilib ki, siyasi partiya ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin formalaşdırılmasında və ifadə olunmasında iştirak etmək niyyəti ilə yaradılmalıdır. Təəccüb doğurur ki, bu səbatda və səviyyədə olan insanlar 10 milyon əhalisi və regionun ən böyük hərbi gücü olan dövlətin idarəçiliyində, ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etməyə necə iddialı ola bilirlər?
Yeni Qanunun ətrafında cərəyan edən hadisələr həm də onu nümayiş etdirdi ki, son 9 ay ərzində iqtidarın ünvanına yeni Qanunla əlaqədar bütün mümkün situasiyalarda böhtanlar yağdıran, qeydiyyata alınan partiyaları satqın, xəyanətkar adlandıran radikallar özləri qeydiyyatdan keçdikdən sonra heç nə olmamış kimi davranmaqla necə ikiüzlü, siyasi mədəniyyəti olmayan acizlərdir. Maraqlıdır ki, qanun layihəsi müzakirələrə çıxarılan gündən etibarən, israrla yeni normativ aktın bilavasitə onların fəaliyyətini dayandırmağa hesablandığını iddia edən bu “siyasi liderlər” reyestri təsdiq edilən üzvlərinə aylardır davam edən qaralama kampaniyasını necə izah edəcəklər? Əlbəttə, Azərbaycan iqtidarı bu cür cılız təfəkkür sahiblərinin üzrxahlığına ehtiyac duymur, lakin az da olsa siyasi mədəniyyətə sahib olan bir siyasətçi, yaxud siyasi partiya bu cür rəzil davranışa görə ən azı ictimaiyyətdən üzr istəməli idi. Lakin radikallar yenə də siyasi mədəniyyətsizliyi seçdilər və bu seçim cəmiyyətimizi təəccüblədirmədi. Azərbaycan xalqı hələ 90-cı illərin əvvəllərindən bu insanların əsl simasına bələddir və onların qərəzli, qeyri-sağlam iddialarının ictimai rəydə heç bir dəyəri yoxdur.
Azərbaycan iqtidarı isə göstərməkdədir ki, Konstitusiyanın preambulasında ifadə olunduğu kimi, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq kimi ali niyyətlərə sadiqdir. Bildiyiniz kimi, cənab İlham Əliyev hələ 2020-ci ilin mart ayında, VI çağırış Milli Məclisin ilk iclasında qeyd olunan ali niyyətə sədaqətini ifadə edərək siyasi islahatların zərurətini ifadə etmiş, Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması məqsədilə qanunvericilik sahəsində təkmilləşdirilmənin vacibliyini dilə gətirmişdi. Möhtərəm Prezidentin təşəbbüsü və tövsiyəsi ilə digər partiyaların nümayəndələrinin növbədənkənar seçkilərdən sonra yeni formalaşan Milli Məclisin sədarətində və komitələrin rəhbərliyində təmsil olunması dövlətin bu islahatlarda nə qədər maraqlı olduğunu əməli formada göstərdi. Proseslərin davamı olaraq istər beynəlxalq, istərsə də regional mexanizmlərin çərçivəsində, 1948-ci il İnsan hüquqları Bəyannaməsi, 1950-ci il Avropa Konvensiyası, 1966-cı il Mülki və Siyasi hüquqlar haqqında Pakt kimi konseptual sənədlərdə fərdlərin hüquq və azadlıqlarına yönəli imperativ prinsipləri özündə ehtiva edə bilən “Siyasi partiyalar haqqında” Qanunun qəbulu və cəmi 8 ay sonra mövcud siyasi partiyaların yeni qanunvericiliyin tələblərinə müvafiq olaraq qeydiyyat prosedurlarının tamamlanması əslində siyasi islahatların mühüm mərhələsinin uğurla yekunlaşdığını göstərir.
Azərbaycan iqtidarı bu prosesə davamlı olaraq istər daxili auditoriyada, istərsə də xarici havadarlarının köməyi ilə bəzi beynəlxalq platformalarda zərər vurmaqda olan radikal siyasi partiyaların üzvlərinin reyestrini təsdiq etməklə isə siyasi sistemin daha da sağlamlaşmasında və siyasi dialoqda səmimliyini nümayiş etdirdi.
Lakin daim xaosun tərəfdarı kimi çıxış edən qüvvələrin bu niyyəti bölüşməsi inandırıcı deyil. Təsadüfi deyil ki, demokratik fəaliyyət meyarlarına cavab verməyən həmin irrasional qüvvələr “Siyasi partiyalar haqqında” Qanunla bağlı artıq yeni motivdə əsassız və mənasız çıxışlara start verib.
demokrat.az