Cəmiyyət 17 Noyabr 2023, 18:17 | Baxış sayı: 67
“Son illərdə yollayış üçün müraciət edənlərin sayında artım var”

“10-15 il bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılan vəsait hesabına 35 min insanı sanatoriyalara getmək üçün yollayışlarla təmin etmək mümkün idi. Amma hazırda ayrılan həmin vəsait hesabına yalnız 12 min insana yollayış verə bilirik".

Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

AHİK sədri buna səbəb kimi, son 15 ildə dünyada, o cümlədə ölkəmizdə baş verən infilyasiyanı göstərib.

S.Möhbalıyev həmçinin qeyd edib ki, son illərdə yollayış üçün müraciət edənlərin sayında da artım var: “İttifaq üzvləri ilə yanaşı, bizə təqaüdə çıxmış hərbçilər, şəhid ailələrinin üzvləri, qazilər də müraciət edir. Onlar həmkarlar ittifaqları tərəfindən yollayışlarla təmin olunurlar. Odur ki, bu kimi məsələlərə baxılmasını təklif edirəm. Eləcə də qeyd edim ki, həmkarlar ittifaqlarının büdcəsi hesabına il ərzində 200 minə yaxın adama yollayış verilir. Biz həm də aztəminatlı ailələrdən 60 mindən artıq insana ərzaq yardımı vermişik. 400 şəhid uşağını 18 yaşına çatana qədər himayəyə götürmüşük. Yeri gəlmişkən, AHİK Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə mütəmadi olaraq bir sıra layihələr icra edir, qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atılır. Belə ki, əhalinin məşğulluğu problemlərinin həlli üçün 2021-2023-cü illər ərzində AHİK tərəfindən Məşğulluq Agentliyinə 900 min manat, Kiçik və Orta biznesin İnkişafı Agentliyinə 300 min manat vəsait köçürülüb. Nəticədə, 2022-ci ildə 16 mindən çox işsiz özünüməşğulluq proqramlarına cəlb olunub”.

report.az

Xəbərlər