Plenar iclaslar 27 Dekabr 2021, 14:26 | Baxış sayı: 324
"Siz kimsiniz, özünüzü Heydər Əliyevin oğlu, Əziz Əliyevin nəvəsi ilə müqayisə edəsiniz?"

“Fransa parlamentinin qarşısında 3 azərbaycanlı çıxıb Milli Məclisi ittiham edir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, həmin şəxslər büdcədən Milli Məclisə 100 milyon pul ayrıldığını, onun 90 milyonunun mənimsənildiyini bildirirlər: “Bunun belə olmadığını biz bilirik. Hətta biz Qarabağ naminə ehtiyacı olan insanlar üçün ev tikilməsi məsələsindən də imtina etdik. Sosial şəbəkələrdə deyirdilər ki, Tahir Kərimli yaltaqlıq edib. Mən niyə yaltaqlıq etməliyəm ki?! Deyirlər ki, Tahir Kərimli deyib ki, İlham Əliyevin alternativi yoxdur. Əlbəttə alternativi yoxdur. Alternativi siz uduzmusunuz. Nə vaxt uduzmusunuz, deyim. O vaxt ki, siz Surətin qabağından dovşan kimi qaçdınız, xilaskar kimi Heydər Əliyevi gətirib, yalançı müxalifətçilik edəndə uduzmusunuz. 2005-ci ildə ağalarınız Amerikadan deyəndə ki, siz hətta qalib gəlsəniz belə, hakimiyyəti əldə saxlaya bilməyəcəksiniz. Onda minlərlə insanı küçəyə tökəndə uduzdunuz. 2000-ci ildə boykot elan edəndən sonra gedib ağalarınızla danışdınız, gəldiniz Milli Məclisdə təmsil olundunuz. İnhisarçılıq sizin dövrünüzdə yaranıb. Biz bu Milli Məclisdə oturub xalqın bütün problemlərini dilə gətiririk. Siz 10-15 il oturub parlamentdə hansı məsələni qaldırmısınız? Epizodik çıxışlardan başqa sizin hansı çıxışınız var? Tək istəyiniz sizin kimi dövlət başçısını söyməyimizdir. Siz onu görməyəcəksiniz. Biz islahat istəyirik. İslahatın tərəfdarıyıq. İnhisarçılar sizin dövrünüzdə yaranıb, onları biz yaratmamışıq. 22 il işsiz qaldım, evimə əməkhaqqı gəlmədi. Sizsə gəlib burda iqtidara yaxın oldunuz. Siz kimsiniz, özünüzü Heydər Əliyevin oğlu, Əziz Əliyevin nəvəsi ilə müqayisə edəsiniz? Siz miskin, cılız adamlar, kimlə müqayisə edirsiniz özünüzü? Çıxarın alternativ qoyun ortaya. Yoxdur alternativ! Xalqımın bu söyüşkən xasiyyətinə məəttələm. Bu həmin xalq deyildi ki, Prezidentin çağırışı ilə 50 min insan könüllü müraciət etdi? Bu gün rüşvətxorluğun, inhisarçılığın qarşısını almaq üçün Prezidentə müraciət edirik. Başqa kim bunun qarşısını ala bilər? Başqa biri var? Bizim yaltaqlığa nə ehtiyacımız var? Biz özümüz üçün, övladımız üçün heç nə ummuruq”.

Xəbərlər