“Siyasi partiyaların əksəriyyəti qohum-əqrəbadan, ər-arvaddan ibarət idi, onların sayı xeyli azala bilər…”
“Azərbaycanın ictimai-siyasi həyatında o partiyalar qalacaq ki, onların sosial bazası var, proseslərə müəyyən təsir imkanlarına malikdirlər və ilk növbədə dövlətə, dövlətçiliyə xidmət edirlər. Belə partiyaların mövcudluğu, fəaliyyəti çox önəmlidir. Partiyaların yenidən qeydiyyatı prosesində minimum 5 min üzvün olması şərtdir. Bu isə nəticə etibarilə ona gətirib çıxarır ki, heç bir sosial bazası olmayan, sadəcə, sənəddə adı olan partiya Azərbaycanın ictimai-siyasi həyatını tərk etməli olur. Artıq 10 belə partiya bəllidir. Onların gücü, potensialı, sosial bazası olmadığından artıq fəaliyyətlərini dayandırıblar. Azərbaycanda siyasi partiyaların sayı azalır, amma keyfiyyət göstəriciləri artır. İndi əvvəlki kimi 60-a yaxın partiya olmayacaq. Onların sayı xeyli azala bilər. O müxalifət partiyaları Azərbaycan siyasi səhnəsində mövcudluğunu qoruyub-saxlaya biləcəklər ki, onların arxasında müəyyən sosial baza dayansın. Onlar keyfiyyətli, güclü, ölkədəki proseslərə təsir imkanına malik ola bilərlər. İqtidar da bunda maraqlıdır. Çünki güclü iqtidar o zaman formalaşır ki, həm də güclü müxalifət olsun. Eyni zamanda ümummilli, dövlət və dövlətçiliklə bağlı məsələlərdə daha fəal mövqedən çıxış etmək imkanları yaranmış olar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, Azərbaycan iqtidarı da maraqlıdır ki, ölkədə ümummilli məsələlərdə dövlətin və dövlətçiliyin yanında olan güclü müxalifət partiyaları olsun: “Bu, bizim dövlət siyasətimizin mahiyyətindən irəli gəlir, həm də yeni qəbul edilmiş qanunun fəlsəfəsindən doğan bir məsələdir, sağlam rəqabət mühiti yaradır və çox müsbət haldır. Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Demokratiya özü bir prosesdir, burada son nöqtə yoxdur. Azərbaycan bu yolla irəliyə getməkdədir, hədəflərini müəyyən edib. Demokratiya yolunu ulu öndər Heydər Əliyev müəyyən edib və cənab Prezident İlham Əliyev həmin yolla Azərbaycanın gələcək inkişafını təmin edir. Eyni məntiqlə cənab Prezident ölkədə hərtərəfli, irimiqyaslı islahatlar kursu həyata keçirir. Bu kursun ən mühüm istiqamətlərindən biri də siyasi islahatlardır. Siyasi islahatlar partiya quruculuğu, partiyalararası münasibətlər, dialoq, onların ölkənin ictimai-siyasi həyatında rolunun artırılması, siyasi proseslərə təsir imkanlarının möhkəmləndirilməsi kimi məsələləri aktuallaşdırır. Təəssüf ki, 30 il bundan əvvəl qəbul edilmiş qanun çərçivəsində çoxsaylı partiyalar fəaliyyət göstərirdi. Onların bir çoxunun ancaq sənəddə adı var idi, çoxu da qohum-əqrəbadan, ər-arvaddan və övladlarından ibarət idi. Ölkədəki proseslərə heç bir təsir imkanına malik deyillər. Yəni deyore mövcuddurlar, defakto Azərbaycanın ictmai həyatında hiss olunmurdular. Bütün bu və yeni reallıqlar fonunda həm də partiyaların bundan sonrakı mövcudluqları, onların ölkənin ictimai-siyasi həyatında fəal rollarının təmin edilməsi kimi məsələlər aktuallıq kəsb etməyə başladı. Bu məntiqlə də yeni qanun qəbul edildi”.